Tur-aksiya iştirakçıları Qəbələni heyranlıqla seyr ediblər
Qəbələ, 23 mart, Şahnəzər Bəşirov,
AZƏRTAC
“Qədim və heyrətamiz gözəlliyə malik olan Qəbələ şəhəri mənə unudulmaz anlar yaşatdı. Bu rayonda ən müasir turizm obyektlərinin, qədim tarixi-mədəni abidələrin, mənzərəli yerlərin, çayların və göllərin, xüsusən də yerli insanların səmimi qonaqpərvərliyinin şahidi olduğum üçün özümü xoşbəxt hesab edirəm”.
Bu fikirləri “Ölkəmizi tanıyaq” devizi ilə Naxçıvan-Bakı-İsmayıllı-Qəbələ-Şəki-Bakı-Naxçıvan marşrutu üzrə keçirilən tur-aksiyanın iştirakçısı, Babək rayonu Şıxmahmud kənd orta məktəbin XI sinif şagirdi İman Quliyev
AZƏRTAC-a müsahibəsində söyləyib. Babək rayon məktəblisi sürətlə inkişaf edən Azərbaycanın qazandığı uğurların onu ürəkdən sevindirdiyini və Qəbələyə səyahət etməyin uşaqlıq arzularından biri olduğunu vurğulayıb.
Ordubad şəhər internat məktəbinin 11-ci sinif şagirdi Səmayə Həsənli deyib: “Biz bu bölgənin maddi-mədəniyyət abidələri ilə yaxından tanış olmaqla bərabər, həm də özümüzə yeni dostlar tapırıq. Əhval-ruhiyyəmiz çox yaxşıdır. Bizə gündən-günə çiçəklənən ölkəmizin hər guşəsini tanımağımız üçün lazımi şərait yaradılır. Biz ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə reallaşan bu ekskursiya zamanı səfər etdiyimiz rayonlarda bu inkişafın bir daha şahidi olduq. Bu aksiya yetişməkdə olan gənc nəsil üçün çox əhəmiyyətlidir. Biz tur-aksiya çərçivəsində həm maariflənirik, həm də yaz tətilini səmərəli keçiririk”.