Tur-aksiya çərçivəsində şagirdlərin istirahəti ilə yanaşı onların maariflənməsinə də böyük önəm verilir
Qəbələ, 23 mart, Şahnəzər Bəşirov,
AZƏRTACMaarifləndirici tur aksiya iştirakçılarının Qəbələyə səfəri son dərəcə maraqlı və yaddaqalan oldu. Qrupun üzvlərində yaranan xoş təəssüratlar uzun zaman unudulmayacaq. Biz gəzinti zamanı istirahət etməklə yanaşı, həm də rayonlarımızın gündən-günə inkişaf etməsinin, gözəlləşməsinin şahidi olduq. Bu ondan irəli gəlir ki, ölkə Prezidentinin müvafiq fərmanları ilə qəbul olunmuş regional inkişaf proqramları hər yerdə uğurla icra olunur, abadlıq-quruculuq işləri çox yüksək səviyyədə gedir. Marşrut boyu aksiya iştirakçıları bu inkişafı müşahidə edir”.
Bu sözləri
AZƏRTAC-a müsahibəsində “Regea-Travel” Turizm Şirkətinin şöbə müdiri, məktəbli qrupunun tur rəhbəri Əhməd İbrahimzadə bildirib. O, qeyd edib ki, şagirdlərin bölgələrlə tanışlığı, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi, mədəniyyət abidələrimizin ziyarət olunması, turizm mərkəzləri və başqa gəzməli-görməli yerlərlə tanışlığı üçün təşkil edilən bu tədbir olduqca vacib bir işdir. Onun sözlərinə görə Azərbaycanda yeniyetmə və gənclərin yaxşı təhsil alması ilə yanaşı, onların ölkəmizi hərtərəfli tanımaları üçün dövlətimiz hər cür imkanlar yaradır. Bu tur-aksiyanın əhəmiyyətini olduqca yüksək qiymətləndirən Əhməd İbrahimzadə qeyd edib ki, rayonlara səfərlər zamanı şagirdlərin istirahətinin mənalı təşkili, əylənməsi və maariflənməsi üçün lazımi şərait yaradılır.
“Prezident İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin IX-XI sinif şagirdləri üçün Azərbaycanın bölgələrini gəzmək imkanının yaradılması və bu gözəl təşəbbüsün uğurla reallaşdırılması hamının ürəyincədir. Bu tur-aksiyada iştirak edən şagirdlərə vətənpərvərlik hisləri aşılanır, onlar arasında Azərbaycanın bölgələri barədə daha ətraflı maariflənmə işləri görülür, dünya görüşün artırılması istiqamətində söhbətlər aparılır”.