Sosial

Tovuzlu xanım hər kəsi təəccübləndirir - FOTO

Metbuat.az

Tovuz sakini hər kəsi təəccübləndirəcək şikayətlə Gəncə şəhər Oftolmoloji Xəstəxanasına müraciət edib. Belə ki, qadının gözündə kristallar əmələ gəlir və 3-4 dəqiqə ərzində göz yaşı kimi xaricə tökülür.



Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Tovuz sakini

Türkan Həsənova

Gəncə şəhər Oftolmoloji Xəstəxanasına gözündə yad cisimlərin əmələ gəlməsi şikayəti ilə müraciət edib. Gənc qadın bir saat aralıqla gözündə kristallar əmələ gəldiyini bildirib. Onun sözlərinə görə, bu problem artıq iki ildir ki, onu narahat edir. Bu günədək bir çox həkimə müraciət etsə də, kristalların əmələ gəlmə səbəbini və qarşısını almaq yollarını tapan olmayıb.



Türkan Həsənova: “Hansı həkimə gedirəmsə, təəccüblənirlər. Deyirlər, dərdinin dərmanı yoxdur. Sonra gəldim Tələt həkimin yanına. Baxdı, o da gördü ki, gözümdə yad cisimlər əmələ gəlir”.



Gəncə Oftolmoloji Xəstəxanasının həkimi

Tələt Nəbiyev

isə bildirib ki, xəstənin müraciəti onları təəccübləndirib. Prosesi izləmək üçün bir saat ərzində Türkan Həsənovanın gözündə müayinə aparılıb və kristalların əmələ gəlməsi müşahidə edilib.



Tələt Nəbiyev: “Bir saat gözləyəndən sonra, xəstə dedi ki, gözümdə ağrı yaranır. Batma hissi yaranır, qıcıqlanır, yaş gəlir. Dərhal mikroskopda baxdıq, fiksə etdik. Gözündə şüşəyəbənzər yad cisim əmələ gəldi. Bu proses təxminən 3-4 dəqiqə çəkir. Xəstənin sözlərinə görə, bu problem iki ildir ki, var. Ancaq hər zaman olmur. Bəzən bir ay ərzində, bəzən bir neçə gün”.



Xəstənin gözündən çıxan yad cisimlər analiz edilməsi üçün laboratoriyaya verilib. Analizin nəticələrinə əsasən, Türkan Həsənova başqa müayinələrə cəlb ediləcək. Yalnız bundan sonra gözdə kristalların hansı səbəbdən əmələ gəldiyi aydınlaşacaq.



Milli.Az