Mədəniyyət

“Tolerant Azərbaycan gənci” layihəsi gənc rəssamlar arasında müsabiqə elan edir

Metbuat.az

Bakı, 17 mart,

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Tolerant Azərbaycan gənci” layihəsi həyata keçirilir.


Layihə çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi keçiriləcək. Təsviri sənətin rəngkarlıq, qrafika və heykəltəraşlıq növlərində yaradılacaq əsərlərdə ilk dəfə tolerantlıq mövzusuna müraciət olunacaq. Gənc rəssamlar etnik-dini dözümlülüyü özündə ehtiva edən təsviri sənət nümunələri ilə Azərbaycanda müxtəlif etnik və dini qruplar arasında qarşılıqlı anlaşma və ehtiramı nümayiş etdirəcəklər.


“Tolerant Azərbaycan gənci” layihəsi çərçivəsində ilkin olaraq yaradıcı gənclər arasında rəngkarlıq, qrafika, heykəltəraşlıq sahələri üzrə müsabiqə keçiriləcək. Belə ki, müsabiqəyə müəyyən olunmuş müddət ərzində tolerantlıq mövzusunda işlənilmiş təsviri sənət nümunələri qəbul olunacaq. Müsabiqəyə 16-35 yaş arası yaradıcı gənclər əsərlərini təqdim edə bilərlər. Əsərlər 2015-ci il martın 30-dək Azərbaycan Rəssamlar İttifaqında qəbul olunur. Seçim prosesində öz əsərlərində peşəkar səviyyədə məzmun, ideya və forma vəhdətinə nail olan istedadlı gənclərin yaradıcılıq işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Cari ilin may ayında Avstriyanın Vyana şəhərində müsabiqənin yekunlarına həsr olunan sərgi təşkil ediləcək və “Tolerant Azərbaycan gənci” adlı kataloq nəşr olunacaq. Hər nominasiya üzrə I yerə layiq görülən əsərlərin müəllifləri mükafat olaraq layihə büdcəsi hesabına Vyanada keçiriləcək sərgidə iştirak etmək hüququ əldə edəcəklər. Bundan əlavə, qaliblərə xüsusi diplomlar, sərginin bütün iştirakçılarına isə sertifikatlar təqdim olunacaq. Eyni zamanda, sərginin açılış mərasimində Azərbaycanda mövcud olan tolerantlıq video çarxlar və fotolar vasitəsilə də əyani sürətdə nümayiş etdiriləcək.


Layihə çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci kimi dövlət qurumları, yaradıcılıq ittifaqları və gənclər təşkilatları ilə əməkdaşlıq edilir.


Layihə və müsabiqə şərtləri ilə bağlı ətraflı məlumatı aşağıdakı vasitələrlə almaq olar:


Telefon: (051) 310 43 49


E.mail: tolerantazerbaycangenci@yahoo.com


Ünvan: Ə.Xaqani küçəsi 19, Azərbaycan Rəssamlar İttifaqı