İqtisadiyyat

Tələbələr İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaratdığı imkanlar barəsində məlumatlandırılıb

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

“Startup Azərbaycan” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində informasiya-kommunikasiya texnologiyalarına həsr edilən toplantı keçirilib.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, proqramçıların, developerlərin, İT ekspertlərinin və startapçıların bir araya gəldiyi tədbirdə tələbələrə Azərbaycanda həyata keçirilən İKT layihələrindən danışılıb, “Startup Azərbaycan” layihəsi, onun məqsədləri, layihə çərçivəsində davam edən müsabiqə qaydaları, müsabiqədəki yeni nominasiyalar, həyata keçiriləcək tədbirlər, təlimlərlə bağlı məlumat verilib.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Müşahidə Şurasının üzvü, AİF-in prezidenti Osman Gündüz bildirib ki, “Startup Azərbaycan”ın yekun təqdimat mərasimi və finalçıların investorlarla görüşləri may ayının sonlarında keçiriləcək.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və gözlənilən tədbirlər haqqında geniş məlumat verib.


Görüşdə “Elektron hökumət” portalının nümayəndəsi Ruhəngiz Mehmanqızı Açıq Məlumatlar portalı və onun üzərində hazırlanacaq mobil tətbiqlərdən söz açıb.


Qeyd edək ki, “Startup Azərbaycan” Təşkilat Komitəsi yaxın günlərdə Texniki, Memarlıq və İnşaat və digər universitetlərdə, həmçinin Yüksək Texnologiyalar Parkında belə görüşlərin keçirilməsini nəzərdə tutur.