Ölkə

Taxtakörpü qəsəbəsində 1395 nəfər laçınlı məcburi köçkün tibbi müayinədən keçib

Metbuat.az

Ağcabədi, 5 mart, Tahir Ağaməmmədov,

AZƏRTAC

 


Prezident İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün vətəndaşları kimi, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərin də tibbi müayinədən keçirilməsi uğurla həyata keçirilir.


Laçın rayon icra hakimiyyəti başçısının müavini Aynurə Həsənova

AZƏRTAC

-a müsahibəsində bildirib ki, Taxtakörpü ərazisindəki Laçın rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində 10 min nəfərdən çox sakinin müayinə olunması nəzərdə tutulur. Bu günədək 1395 nəfər sakin müayinə edilib. Onlardan 273 nəfəri ambulator, 3 nəfəri stasionar müalicəyə cəlb olunub, 50 nəfər isə müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib.


Poliklinikanın həkimi Vaqif Məmmədov bildirib ki, sakinlər müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunur, ehtiyac olduqda kardioqram, ultrasəs və sair müayinələrdən keçirilir. Bundan başqa, həkim briqadaları tərəfindən Taxtakörpü ərazisindəki obalarda yaşlılara və yataq xəstələrinə də tibbi xidmət göstərilir. Xəstəlik aşkar edilən vətəndaşlar dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunurlar.


Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Müayinədən keçən rayon sakinləri Əmiraslan Məmmədov, Abdulla Abdullayev, Şamo Qasımov və başqaları vətəndaşların sağlamlıqlarının qorunmasına yönələn xeyirxah aksiyanı yüksək dəyərləndirərək, bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.