Mədəniyyət

Tacik kinematoqrafçılarının filmləri Bakı tamaçaçılarının mühakiməsinə verilib

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

“Azərbaycan Respublikası hökuməti ilə Tacikistan Respublikası hökuməti arasında Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, Bakıda Tacik Kinosu Günləri keçirilir.


AZƏRTAC

xəbər verir ki, martın 10-da “Nizami” kino mərkəzində Tacikistan Kinosu Günlərinin açılış mərasimi keiçirilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə təşkil edilmiş mərasimdə Tacikistan Respublikasının Azərbaycandakı səfiri Zohir Saidov iştirak edib.


Səfir Z.Saidov mərasimi açaraq Azərbaycan ilə Tacikistan arasında mədəni əlaqələrin möhkəmlənməsi üçün bu cür tədbirlər keçirilməsini yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan və Tacikistan xalqları əsrlər boyu möhkəm dostluq telləri, ümumi ənənələr və mənəvi dəyərlərlə bir-birinə bağlı olub.


Azərbaycanın Əməkdar İncəsənət Xadimi, kinorejissor Ayaz Salayaev vurğulayıb ki, son illərdə Tacikistan kinematoqrafı çox inkişaf edib. O, dost ölkə kinematoqrafçılarının filmlərinin uğur qazanacağına əmin olduğunu bildirib.


Sonra rejissor Nosir Saidovun “Müəllim” filmi bakılı tamaşaçıların mühakiməsinə təqdim edilib.


Tacikistan Kinosu Günləri çərçivəsində “Mən bir qıza rast gəldim”, “Ağ sərçə”, “Rüstəm və Zöhrab”, “Müharibə dəhşətləri” və digər filmlər nümayiş etdiriləcək.


Qeyd edək ki, “Tacikfilm” kinostudiysının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, fəlsəfə elmlər doktoru Sadullo Rahimov, Tacikistanın Xalq Artisti Sayram İsayeva və aktyor Abdülkərim Maşrabov bu layihədə iştirak etmək üçün Azəraycana gəliblər.


Azərbyacanda Tacikistan Kinosu Günləri martın 14-dək davam edəcək.