“Sumqayıtı tanı!” layihəsi başa çatıb
Sumqayıt, 20 mart,
AZƏRTAC
Gənc İstedadlara Dəstək Fondunun iyunun 17-dən start verdiyi Sumqayıt şəhərinin 65 illik yubileyinə həsr edilmiş “Sumqayıtı tanı!” layihəsi başa çatıb.
Sumqayıt şəhərinin tarixi keçmişi barədə məlumatların geniş ictimaiyyətin, ilk növbədə gənclərin diqqətinə çatdırılması, həmçinin istedadlı və yaradıcı gənclərin aşkara çıxarılması məqsədilə keçirilən layihə çərçivəsində “Sumqayıt gənclərin gözü ilə” almanaxı və “Azərbaycan tarixində “Sumqayıt” adı (Tarixi mənbələr və araşdırmalar üzrə)” adlı kitabı hazırlanaraq nəşr etdirilib.
“Sumqayıt gənclərin gözü ilə” almanaxında mütəxəssislərdən ibarət yaradılmış münsiflər heyətinin qərarı ilə seçilmiş 53 məktəblinin Sumqayıt şəhəri barədə inşa yazıları və rəsmləri işıq üzü görüb.
Sumqayıt şəhər Gənclər və İdman baş İdarəsindən
AZƏRTAC–a bildirilib ki, “Azərbaycan tarixində “Sumqayıt” adı (Tarixi mənbələr və araşdırmalar üzrə)” adlı kitabında şəhərin ərazisi, qədim yaşayış məskəni, kurqan və nekropolu, Sumqayıt çayı, mövcud olmuş karvansaralar, körpü, ovdan, mayak, poçt stansiyası, Sumqayıt kəndi, hazırda da fəaliyyət göstərən dəmir yolu stansiyası, həmçinin Corat və Hacı Zeynalabdin qəsəbələrinin tarixi barədə müxtəlif məxəzlər və tədqiqat əsərləri üzrə məlumatlar öz əksini tapıb. Kitabın təqdimatının yaxın vaxtlarda keçirilməsi nəzər tutulub.