Soyadımı heç zaman sevmədim
Elif Şafak: “Ağlıma belə gəlməzdi ki, nə zamansa uşaq ədəbiyyatına müraciət edərəm”
Türkiyənin məşhur yazarı
Elif Şafaköz oxucularını təəccübləndirib. Belə ki, yazıçı hər zaman məhəbbətdən, müharibən əsərlər yazaraq dillər əzbəri olsa da, bu dəfə yaradıcılığında bir qədər dəyişiklik etməyə qərar verib. Onun əvvəlki əsərləri tərcümə olunaraq Avropa ölkələrinə yol açsa da, yazarın yeni kitabı əvvəlki kitabları qədər diqqət çəkə bilməyib.
Elif Şafak azyaşlı uşaqların daxili aləmindən bəhs edən “Sakız Sardunya” adlı kitabının imza gününü keçirib. Kitabda azyaşlı uşaqların düşüncələri, cəmiyyətdəki mövqeləri, böyüklərə olan münasibətləri yer alıb. Yazar yeni kitabı ilə bağlı Türkiyə mətbuatına müsahibə verib.
- Hər zaman sizi fərqli üslubda görmüşük. Maraqlıdır, “Sakız Sardunya”-nı yazmaq fikri necə ortaya çıxdı?
- Əslində, uzun müddətdir ki, uşaqlarıma və bununla bərabər şəxsi maraqlarıma görə, uşaq ədəbiyyatı ilə yaxından maraqlanırdım. Uşaq ədəbiyyatında ən son yenilikləri izləyir, baş verən hadisələri kənardan müşahidə edirdim. Gördüm ki, uşaq ədəbiyyatı çox dinamik, rəngarəng, sürətli inkişaf edən bir mövzudur. Eşq romanları yazmağıma baxmayaraq, hərdən uşaqlar üçün yazılmış maraqlı hekayələr oxuyurdum. Ağlıma belə gəlməzdi ki, nə zamansa uşaq ədəbiyyatına müraciət edərəm. Uşaq ədəbiyyatı ilə maraqlandıqca özümə sual verdim ki, nə üçün mən bu mövzuya müraciət etmirəm? Yayda qərar verdim ki, mən də artıq bu mövzu ilə bağlı kitab çıxarmalıyam. O zamandan evdə öz-özümə danışa-danışa, hekayələr uydura-uydura gəzirdim.
- Kitabın qəhrəmanı Sakız Sardunya nə üçün öz adını sevmir?
- Uşaqların dünyagörüşü ilə həyata baxdıqda, ad mövzusunun əslində mübahisəli məsələ olduğunu görəcəyik. Çünki valideynlər uşağın isminin nə olacağına özləri qərar verirlər. Amma əslində bizim tariximizə baxanda görürük ki, uşaq böyüdükcə ad qazanır və qazandığı ada layiq işlər görür. Mən də o cür adqoymaların tərəfdarıyam. Hamımız dünyaya özümüzə məxsus xüsusiyyətlərlə gəlirik. Ancaq indiki vəziyyətdə həmin özəlliklərin nə olduğunu bilmədən övladlarımıza ad seçirik. Öncədən deyə bilmərik ki, biz övladımıza bu adı seçmişik və onu bu ada uyğun böyüdəcəyik. Buna görə də uşaqlar böyüdükcə özlərinə ləqəb götürürlər. Mən insanların adlarını deyil, onların özlərinə götürdüyü ləqəbləri daha önəmli hesab edirəm.
- Övladlarınız öz adlarını sevirlərmi? Bəs siz öz adınızı necə, bəyənirsinizmi?
- Mən bu məsələdə öz övladlarıma ən azından daha çox seçim şansı vermək istədim. Buna görə də hər iki övladıma iki ad verdim. Gələcəkdə onlar hansı adlarla çağırılmaq istəyirlərsə, özləri seçə bilsinlər deyə. Mənə gəlincə isə, soyadımı heç zaman sevmədim. Buna görə də 19 yaşında özümə yeni bir ad verdim - Şafak. Bu ləqəb həyatdakı soyadım deyil. Bu, özümə sevərək seçdiyim addır. Mənim anamın adıdır. Əslində bu adı sevdiyim üçün götürmədim. Bunun sadə bir açıqlaması var. Anamı dünyadakı bütün varlıqlardan çox sevirəm. Anamın adını özümə soyad götürdüm. Atamın soyadından imtina etdiyim üçün heç kim məni qınamasın, mən atamdan imtina edib anamın soyadını da götürməmişəm. Sadəcə olaraq özümə soyad vermək istəyirdim. İnsanların özlərini yenidən adlandırmaq istəklərinə çox müsbət yanaşıram.
- Uşaqlığınızda sizə hər hansı bir ləqəblə müraciət edirdilərmi?
- Bəli. Onların içində heç sevmədiyim ləqəblər də var idi. Misal üçün, Madriddə təhsil alarkən orada tək türk övladı mən idim. Dostlarım bir müddət məni “Opera” deyə çağırdılar. Çünki o zamanlar məşhur olan “Eurovision” mahnı müsabiqəsində türklər bu mahnı ilə sıfır xal qazanmışdılar. Buna görə də çevrəmdəki insanlar “Opera” deyərək mənimlə məzələnirdilər. Bəziləri mənə Turkey deyirdi. Hərdən isə Leaf (yarpaq) deyə çağırırdılar.
- Elif xanım, “Sakız Sardunya” əsərinizi oxumayanlar üçün bir az məlumat vermənizi istərdik.
- Müxtəlif səbəblərdən qaynaqlanaraq özünü bu cəmiyyətdən hesab etməyən, fərqli duyğular yaşayan o qədər uşaqlar var ki... Onların bəziləri fiziki cəhətdən qüsurludur, bəziləri adlarına görə ətrafdakı insanlar tərəfindən gülüş obyektinə çevrilirlər. Bəzi övladlarımızın ailələrində elə bir şərait yaranıb ki, uşaqlar xoşbəxt yaşamırlar. Çoxdandır müxtəlif yaşlı uşaqların həyatlarına nəzər yetirirdim. Onların düşüncələri, hərəkətləri mənim diqqətimdən yayınmırdı. Hesab edirəm ki, bu kitab onlara böyük cəsarət verəcək. Özünü bədbəxt hesab edən uşaqları ürəkləndirəcək. Bu kitab özünü fərqli hesab edən uşaqlar üçün nəzərdə tutulub. Onlar bu əsəri oxuyanda həyatı yenidən sevəcəklər.
- Zəmanə uşaqları bir-birlərinə qarşı kobud sözlər işlədir və şəxsiyyətlərini alçaldırlar. Yəqin ki, bu da sizin diqqətinizdən yayınmayıb?
- Əlbəttə, mən bunun çox önəmli mövzu olduğunu düşünürəm. Bəzən uşaqlar bir-birlərinə qarşı çox kobud davranırlar. Onlar valideynlərindən gördüyü tərbiyəni dostlarına nümayiş etdirirlər. Yəni cəmiyyət içində olarkən “Sən kürdsən”, “Sən alevisən” deyə onları aşağılayırlar. Əslində uşaqlar dünyaya saf gəlirlər. Onları valideynlər yetişdirir, tərbiyələndirir. Valideyn bir növ öz düşüncələrini uşağın beyninə yeridir. Bu gün yaşadığımız cəmiyyətdə bəzi uşaqlarımız eynək taxdığı üçün, bəziləri artıq kiloya sahib olduğu üçün kompleksə düşürlər. Burada valideynlərin də böyük rolu var. “Sakız Sardunya” daxilində tənhalıq yaşayan, cəmiyyəti ilə barışmayan uşaqların hekayəsidir. Hesab edirəm ki, ruh dünyaları bir-birlərinə yaxın olan uşaqlar bu kitabı bir-birlərinə məsləhət görəcəklər. Mən bu hekayədə ətrafdakı insanlara necə yanaşmaq lazım olduğunu uşaqlara onların anlayacaqları bir dildə izah etməyə çalışmışam.
- Bir ana olaraq siz belə hallara necə yanaşırsınız? Qoruyucu ana rolunu oynayırsınız, yoxsa “Yaşayaraq güclənsin” deyənlərdənsiniz?
- İkisi də. Analıq elə bir hissdir ki, onu kimsədən öyrənmək düzgün deyil. Bu sahədə kiminsə qızıla bərabər düşüncələrə sahib olduğunu hesab etmirəm. Biz hər gün yeni məlumatlar əldə edirik, öyrənirik. Düşünmədiyimiz mövzuları düşünmək məcburiyyətində qalırıq. İşin gözəlliyi də orsındadır. Özümdən böyük sözlər demək istəmirəm, ancaq mən həyatda buna çox önəm verirəm: Hər uşaq ayrı-ayrılıqda bir təcrübədir. Hər övlad öz doğma qardaşından daha fərqlidir. Eyni evdə, eyni valideynlər tərəfindən tərbiyə alsalar belə, onların özlərinə məxsus şəxsiyyətləri formalaşır. Yəni bir ailədə böyüyək iki uşaq bir-birindən çox fərqlənir. Məsələ burasındadır ki, onların hər birinə ayrı-ayrılıqda hörmət göstərmək lazımdır. Bəzən valideynlər tələb edir ki, “övladım mənim kimi olsun”. Əslində bu, yanlış bir düşüncədir. Biz övladlarımızı özümüzə bənzətməməliyik. Hesab edirəm ki, bu, böyük günahdır. Tam tərsinə, övladımız nədirsə, ondakı qabiliyyət, gözəllik və istedadı üzə çıxarıb onu daha da inkişaf etdirməliyik. O zaman uşaq da daha yaxşı inkişaf edəcək və həyatda özünü doğruldacaq.
Kaspi.az