İqtisadiyyat

SOCAR-ın “Neftqaztikinti” trestinin yeni inzibati binası istifadəyə verilib

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Martın 19-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin və şirkət rəhbərliyinin nümayəndələrinin iştirakı ilə “Neftqaztikinti” trestinin yeni inzibati binasının açılış mərasimi keçirilib.


SOCAR-ın mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, tədbirdə R.Abdullayev Novruz bayramı münasibətilə bütün neftçiləri, o cümlədən trestin kollektivini təbrik edib. Rəmzi qırmızı lenti kəsən SOCAR-ın prezidenti binada yaradılan şəraitlə tanış olub.


Məlumat verilib ki, Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirilmiş binanın inşasına ötən ilin yanvarından başlanılıb. “Neftqaztikinti” trestinin 5 nömrəli tikinti-quraşdırma idarəsi tərəfindən inşa olunan yeni inzibati bina pilləvarı olmaqla, 3, 5 və 7 mərtəbədən ibarətdir. İnzibati binada hər cür avadanlıqlarla təchiz olunmuş 90 iş otağı, 240 nəfərlik böyük və 30 nəfərlik kiçik konfrans zalları, yeməkxana, eləcə də 100 avtomobillik yeraltı dayanacaq mövcuddur. Bundan başqa, binanın ərazisində 2 ədəd yeni 1000 kilovoltluq yarımstansiya, qazanxana və hər biri 150 kubmetrlik 2 ədəd su çəni inşa edilib. Bina avtomatik yanğınsöndürmə sistemi ilə də təchiz olunub. 8 min 247 kvadratmetrə yaxın sahəsi olan binanın ətrafı abadlaşdırılıb, yaşıllıqlar salınıb.


R.Abdullayev inzibati binada yaradılmış şəraitdən, görülmüş işlərdən razı qaldığını söyləyib. O, yeni binanın açılışı münasibətilə kollektivi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. SOCAR-ın prezidenti neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.