Sevən bir ürəyə axır nəfəsdə ən şirin dərmandır qadın ürəyi
Beynəlxalq Qadınlar Günü münasibətilə hər kəs özünə doğma olan xanımları özünəməxsus şəkildə təbrik edir. Ən xoş sözləri isə təbii ki, biz xanımlar bəylərdən gözləyirik. Kəpəz TV-nin (Region TV) əməkdaşı Zülfiyyə Telmanqızının hazırladığı növbəti materialda həm kişilər xanımları təbrik edəcəklər, həm də onlar üçün dəyərli olan güllərin qiymətinin artıb-artmamasını öyrənəcəyik...
Kiminə qız övladı, kiminə bacı, kiminə gəlin, kiminə ömür-gün yoldaşı, ən nəhayət hər kəs üçün ana... Bəli, bu özəl gündə günlərlə kişilərin qulluğunda dayanan xanımlarımızın qulluğu tutulub, nazı çəkiləcək... Amma hədiyyələr də öz yerində. Bəziləri qəlbdən gələn xoş söz, bəziləri isə hədiyyələrlə xanımların könlünü alacaq. Biz də hədiyyələr içərisində daha çox alınan güllərin qiymətində dəyişiklik olub-olmadığını öyrənmək istədik.
Faiq Ağalarov - satıcı: “Qiymətlərdə artım yoxdur, əvvəlki kimi stabildir. Yəqin, bayramla əlaqədar alıcılarımızın sayı daha çox olar. Mən də öz adımdan bütün xanımları təbrik edirəm”.
Belə bir gündə kişilərin təbrikini eşitməmək mümkün deyil. Şəhərdə apardığımız sorğu əsasında xanımlarımız belə təbrik edildi...
Elman Həsənov – şəhər sakini: “Xanımlara hörmətimiz var. Qadınlarımız bahara hər zaman bahar kimi çıxsınlar!”
Füzuli Əhmədov – şəhər sakini: “Qadınları təbrik edirik. Onlara uzun ömür, can sağlığı, həyatlarında müvəffəqiyyətlər arzulayıram!”
Sədi İsmayılov – şəhər sakini: “Bütün Azərbaycan qadınlarını bayram münasibətiklə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, onlar özlərinə layiq olan gözəl həyat yaşasınlar!”
Hamlet Hüseynov – şəhər sakini: “Qadınlara can sağlığı, xoşbəxtlik, səadət arzulayıram!..”
Biz də anaların simasında bütün xanımları təbrik edir, onlara hisslərin ən alisi olan sevmək və sevilmək diləyirik. Qadını sevgisiz təsəvvür etmək qeyri-mümkündür. Şairin təbilincə desək, sevən bir ürəyə axır nəfəsdə ən şirin dərmandır qadın ürəyi...
Milli.Az