Şərqin sirli icadı, dərdə dəva rənglər, suya yazılan Lent.az... - REPORTAJ
“Əllərin titrəməsin, əbru çəkirsən suya sən...”
Əbru - kağız bəzəmə sənətidir. Rənglərin suda yaratdığı rəqsdi bir növ. Onun nə vaxt və harada yarandığı haqqında dəqiq məlumat yoxdu. Bəzi qaynaqlarda bu sənətin 13-cü əsrdə Türküstan və Səmərqənddə, 14-cü əsrdə isə İranın şərqində, Əfqanıstanın Herat əyalətində bu sənətin yayıldığı haqqında məlumat var. Əbru sənəti də kağız kimi İpək yolu vasitəsiylə şərqdən qərbə ayaq açıb.
Bəzi mənbələrdə əbrunun üz suyu mənasında “ab-ı ru” sözündən, digərində isə Orta Asiya dillərindən Çağatay türkcəsində damarlı parça, yaxud kağız mənasına gələn “əbrə” sözündən gəldiyini söylənilsə də, bunlardan ən çox yayılmışı sözün kökünün farsca “bulud kimi” mənasına gələn “əbri”dən götürülüb. Göy üzündə gəzən buludlar hərəkət halındadır və şəkilləri tam dəyişir. Əbru da elədi. Eyni rənglərdən və fırça çırpma üsulundan istifadə olunsa da, təknədən çıxan əsərlər heç vaxt bir-birinin təkrar etmir. Yəni bir-birinə bənzəsələr də, qətiyyən biri digərinin eynisi deyil. Bu işlə məşğul olan sənətkara isə əbuzən deyilir.
Əbruda istifadə edilən rənglər hamısı təbiidir, torpaqdan alınır. Dəyişik rənglərdə torpaq boyalar ayrı-ayrı iki şüşə, yaxud keramik səth arasında xırdalanıb, mərmər daşla toz halına düşənə qədər döyülür. Keçmişdə bu daşın adı “dəstisəng” olub. Əzilmə ərəfəsində az miqdarda su qatılır. Əmələ gələn qatışığa sığır (inək) ödü qatılır, 15 gün və ya bir aya qədər saxlanılır. Boya öd turşusunda bişdikdən sonra su qatılaraq istifadə edilir. Boya açılmırsa, öd qatılır. Rəngi açmaq üçün əlavə su qatıla bilər. Boyalar əsla suda əriməməli və yağ tərkibi olmamalıdır. Çünki yağ əbrunu pozar. Öd - rənglərin zəmin kütlə üzərində qalmasını təmin edir. Əbruya şəkil vermək üçün böyük, qalın və incə olmaqla biz alətindən istifadə edilir.
Əsasən, qırmızı, sarı və qara oksidlərdən istifadə edilir. Digər rənglər isə onların qarışığından alınır. Əbrunun gözəl alınması üçün rənglərin düzgün seçilməsi önəmlidir. Zəmindəki qara boyanın üzərində digər rənglər canlı və aktiv görünür. Aralardakı bəyazlar da rənglərə hərəkət verir.
Fırçalar qızılgül budaqlarından hazırlanır. Eyni ölçüdə doğranılmış gül budağı qurudulduqdan sonra at quyruğundan (yaxud yalı) onlara ucluq düzəlir. Bu işdə mütəxəssis olanlar deyirlər ki, fırçanı hazırlayan adam son dərəcə səbrli olmalıdır.
Boyaların üstündə işlədildiyi maye kitrəli su adlanır. Kitrə Anadolu və Naxçıvan dağlarında yetişən Gəvən (Astragalus) tikanlı bitkisindən hazırlanır. Bitkinin gövdəsi çərtilir, ordan çıxan şirə qurudulur. Quruyub qax halına düşmüş kitrə suya qatılıb, əllə yoğrulur. Ta ki, həlim halına düşənə qədər. Qədimdə əbru hazırlanmasında təmiz yağış suyunda istifadə edilirmiş. Kitrə hazırlandıqdan sonra həlim bez torbadan süzülür, sonra təknəyə tökülür. Bundan başqa, kitrədən əczaçılıq, kosmetika və toxuculuqda da geniş istifadə olunur.
Ebru təknəsi sadə alüminiumdan, paxlava sinisi kimidi. Təknənin dərinliyi 6 sm olub, eni və uzunu kağızın ölçüsünə görə dəyişə bilər.
Əbrunun 30-dan çox növü var. Ən qədimi, ilk məktəbi battaldır. Battal əbrusunda boyalar səpildikdən sonra əllə müdaxilə olunmur. Bizlə və ya dəmir daraqla sağa-sola hərəkət edilərsə, bu “darama əbrusu” və ya “gəl-get əbrusu” adlanır. Bu hərəkətlər düzənsiz və dairəvi olanda “şal əbrusu”, biz vasitəsi ilə kənarlardan mərkəzə doğru hərəkət edilərsə, “bülbül yuvası əbrusu” alınır. Bundan əlavə, su üzərindəki boyalara fərqli şəkillər verilərək xətib və sairə kimi başqa növləri də yaradılıb.
Azərbaycanda ilk dəfə Nizami Gəncəvi əbru haqqında öz şeirlərində bəhs edib. Dahi şairimiz əsərlərində məharətli, gözəl iş bacaran sənətkarlar haqqında “su üzərində bənzəri olmayan gözəl rəsmlər çəkərdi...” deyə bəhs edib. Bizim dövrə qədər gəlib çatan ən qədim əbru kağızı 1519-cu ilə aid “Mecmuatul Acaib” əsərinə illüstrasiyadı. Əbrunun tarixini axtararkən 15-ci əsrə qədər getmək olur. Avropadakı əbru üzərində nəşr olunan “Buntpaper” əsərinin girişində əbrunun Türküstandan çıxdığı qeyd olunub, İrandan keçərək Türkiyəyə Abri, Əbri adıyla gəlib. Keçmişdə əbrulu kağızlar titul vərəqi kimi kitab cildləməsində, hökmdarların namələrində istifadə olunub.
Müasir dövrdə isə parça-qumaşların, şüşə və taxta kimi materialların üzünü əbruyla bəzəmək mümkündür. İstər tarixən, istərsə də bu gün əbru ilə daha çox şərq ölkələrində məşğul olublar. Əbru sənəti müstəqil sənət kimi bu gün də inkişaf edir. Müasir əbruzənlər də bu sənətə yeniliklər qataraq fərqli şəkillər ortaya çıxarıblar.
Əbrunun müalicəvi özəlliyi də var. Xüsusi ilə ABŞ-da əbru müalicə üsulu kimi tətbiq olunur. İnsan ruhuna dinclik və rahatlıq gətirən xüsusiyyətini kəşf edən alimlər onun müalicəvi əhəmiyyətindən səhiyyədə uğurla istifadə edirlər.
Keçmişdən əbru hazırlanacaq yer sübh tezdən təmizlənər, sonra dəstəmaz alınaraq, “bismillah” kəlməsiylə işə başlanarmış. Odur ki, adəti üzrə “bismillah” deyib işə başlayırıq. Əbruzən Təranə Məmmədovayla.
Hazırda Azərbaycanda əbru sənəti ancaq Qafqaz Universitetində öyrədilir. Tələbələrin dərsdən əlavə vaxtını səmərəli dəyərləndirmək üçün. Daim tələbələrlə işləyən Təranə xanımın budəfəki şagirdi mənciyəzəm.
Kitrəli su bir həftə əvvəldən hazırlanır. Təranə xanım gəlişimizdən əvvəldən xəbərdar olduğundan suyu hazır etmişdi.
İşə başlamazdan əvvəl şüşə qabdakı boyaları yaxşıca qarışdırmaq lazımdır. Daha sonra hər rəngə uyğun fırçaları qablara düzdük. Müəllimimiz öyrədir ki, fırçanı istifadə etməzdən əvvəl artıq boyanı götürmək üçün barmağımızla ucunu sıxırıq. Rənglər təbii olduğundan əlimizin bulaşmasından qorxmağa dəyməz. Su ilə yuyan kimi gedir.
- Nə çəkmək istəyərsən?
- Lalə. Filmlərdə çox görmüşəm.
Əvvəlcə rəsmimizə fon rəngi seçirik. Sarı. Sonra təknəni yarı bölürük. Xəyali. Sağ tərəfdə mən, solda Təranə xanım işləyəcək.
Hərəmiz bir biz götürüb öz payımıza düşən hissənin mərkəzinə nöqtə qoyuruq. Bir damcı nöqtə böyüyüb, iri dairə olur. Bu, laləmizin yarpağı və budağı olacaq. Bizlə dairəni sağa və sola çəkirik. Daha sonra mərkəzdən aşağı bir xətt endiririk. Unutmadan, hər dəfə istifadədən sonra bizin ucu silinməlidir. Yoxsa, əbrumuz keyfiyyətli alınmaz.
Sonra laləmiz üçün budağın başına daha bir nöqtə qoyuruq. Bu dəfə qırmızı. Əvvəl yuxarıdan aşağı, sonra hər iki yandan yuxarı dartırıq. Bu qədər, laləmiz hazırdı.
Amma sizə yazıldığı kimi sadə gəlməsin. Suya düzdüyünüz nöqtələr qədər ona bizlə verdiyiniz istiqamət çox önəmlidir. Əbruda bir dəfə edilən səhvin bərpası yoxdu. İşin ən həssas qismi isə boyanın kağız üstünə köçürülməsidir.
Deyir, kağızı ortadan qoyub yanlara açmalısan. Bu zaman əsas şərt əlin titrəməməsidir. Əks halda, kağızla su arasında hava qalacaq və kağızın həmin hissəsi rənglənməyəcək. Ardınca, əlinin havasıyla kağızı sürtür. Sanki tumarlayır. İnsanın ruh halı necədirsə, əbru da elə çıxır. Barmaqlarını sürtməyində məqsəd əlinin enerjisini əbruya ötürməkdi. Əbru insanı hiss edər, deyirlər. Əhvalın yaxşıdırsa, rənglər də o qədər al çıxacaq. Yoxsa, bozarır əbru.
Bizi təknənin küncündən salıb, kağızını qulağını qaldırır. Sonra kağızı təknənin özünə yaxın olan divarına sürtərək çəkir. Kağızda artıq olan kitrəli su divardan süzülür.
Təranə xanım növbəti fikrimi eşidincə, “hmmmm” deyir. Bu dəfə su üstündə Lent.az yazacaqdım.
- Bunu güzgü texnikası... Suyun üstünə hərf yazmaq çətindi. Görəsən, alınacaqmı? İndiyəcən heç söz yazmadım.
“Alınar” deyib ürək-dirək verirəm. Sözü suya tərs yazmaq lazımmış. Kağıza köçürəndə düz olsun deyə. Yenə əbruya sarı fon rəngi verirəm. Ardınca mavini seçirəm. Lent.az oxucularının gözünün alışdığı ənənəvi rəngi.
Əvvəl tərs “L”, ardınca digər hərflər. İşlədikcə, Təranə xanıma haqq verməmək olmur. Doğrudan da çətinmiş. Hərflər suyun üstündə sürüşür. Hərdən adam az qalır bizi kənara atıb əliylə düzəliş versin. Ən asanı “a” hərfi olur. Xeyli zəhmət tələb etdi bu 6 hərfi yazmaq. Deyir, indiyə qədər heç telekanal üçün bunu etməyiblər. İki xanım olduğumuz üçün Lent.az-a özəl yanaşdılar.
Ebrunun qurumağına gəlincə, havadan asılıdı. Otaq istidirsə, yarım saat bəs edər.
Ardınca fotoqrafımız Samirə nəsə yazmaq həvəsini gizlətmir. Yerimizi dəyişirik. O təknənin yanına keçir, mən fotoaparatın arxasına. Təknəni veririk Samirənin ixtiyarına. Okean çəkəcəyini deyir. Dəniz mavisi...