Şəhid qəbrinin bulağı da qurudu - VİDEO
"Kanal S" (Region TV) xəbər verir ki, Şəkinin Vərəzət kəndində yerləşən türk əsgərinin şərəfinə ucaldılmış tək məzar baxımsız vəziyyətdədir. Abidənin ətrafına 1998-ci ildə hasar çəkilib, 2002-ci ildən isə əsaslı şəkildə təmir edilib. Qəbrə gedən yol asfaltlanıb, yol boyu 30-ya yaxın elektrik dirəkləri, əhalinin istirahət etməsi üçün oturacaqlar quraşdırılıb. İndi həmin yaradılan gözəllikdən əsər-əlamət qalmayıb. Sakinlərin etinasız münasibəti nəticəsində nə oturacaqlar qalıb, nə də elektrik dirəkləri... Qəbrin ətrafında isə yalnız bir neçə dirək qalıb ki, onların da lampaları qırılıb.
Abidəyə çəkilən bulağın da suyu quruyub. Yağan yağışın hovuzda yığılıb qalması ətrafın üfunət iyinə bürünməsinə səbəb olub. Burada quraşdırılan iki su çənindən biri yoxa çıxıb, digəri isə yararsız vəziyyətdədir. Hazırda parkın hər iki qapısı bağlı saxlanılır. Buna səbəb isə sahibsiz mal-qaranın həmin əraziyə daxil olmasıdır.
Şəhid qəbirləri insanların and yeri sayılır. Elə isə bu abidəyə biganə münasibət başa düşülən deyil. Hər bir vətəndaş ayrı-ayrılıqda mənəvi dəyərlərimizı qorumalı və ona sahib çıxmalıdır.
Milli.Az