Sosial

"QHT Məktəbi"nin yaz proqramı başlayacaq

Metbuat.az

Azərbaycan, Bakı, 6 mart /Trend/

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən idarə olunan “QHT Məktəbi” növbəti yaz proqramına qəbul elan edir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq 2002-ci ildə Azərbaycanda yaranan bu Məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda, QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.

Bu günədək 1300-ə yaxın məzunu olmuş Məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarə edilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.

Nəzəri və praktiki hissələrdən ibarət olan yaz təlimləri 2 ay davam edəcək.

İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra təlim proqramını başa vuran iştirakçılara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.

Məktəbdə iştirak etmək istəyənlər martın 29-dək CV-lərini qhtmektebi@gmail.com elektron ünvanına göndərməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az