Sosial

Qərb bölgəsinin şəhər və rayonlarında soyqırım qurbanları anılıb

Metbuat.az
Anım mərasimlərində 1918-ci ilin dəhşətləri tarixi faktlarla diqqətə çatdırlıb.

Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncama əsasən, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu günlə əlaqədar Şəmkir rayonunda anım tədbiri düzənlənib. Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Şəhidlər xiyabanında təşkil olunan mərasimdə 97 il öncə erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətlər bir daha xatırlanıb. Soyqırım qurbanlarının xatirəsi yad edilib, ruhlarına dualar oxunub. Vurğulanıb ki, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım siyasəti düşünülmüş şəkildə həyata keçirilib.  Anım mərasimi Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin qəbirlərini ziyarətlə yekunlaşıb.



Goranboyda da soyqırım qurbanları yad edilib. Tədbir iştirakçıları soyqırım abidə kompleksini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Daha sonra məktəblilərin faciə ilə bağlı çəkdikləri rəsm əsərlərinə baxış keçirilib. Goranboy Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı ədəbi bədii kompozisiyada isə 1918-ci ilin dəhşətləri öz əksini tapıb.



Faciə qurbanları Samuxda da anılıb. Rayon ictimaiyyəti səhər saatlarından başlayaraq şəhidlər abidə kompleksini ziyarət edib, önünə tər qərənfillər düzüblər. Anım mərasiminin iştirakçıları daha sonra 1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırıma dair filmə tamaşa ediblər. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırım, etnik təmizləmə və deportasiya nəticəsində Azərbaycan xalqı ağır məşəqqətlərlə üzləşib. Bütün bu vəhşiliklərə hüquqi qiymət verilməsi istiqamətində dövlətin yürütdüyü məqsədyönlü siyasətin vacibliyi önə çəkilib. 



Milli.Az