Ölkə

Qəbələdə 50 mindən çox sakin tibbi müayinədən keçirilib

Metbuat.az

Qəbələ, 30 mart,

AZƏRTAC

Prezident İlham Əliyevin ölkə vətəndaşlarının fevralın 1-dən başlayaraq tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Qəbələ rayonunda uğurla davam edir.


AZƏRTAC

xəbər verir ki, Qəbələ rayon Mərkəzi Xəstəxanası tərəfindən sakinlərin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılıb. Qəbələ şəhərində və kəndlərdə tibbi müayinə məntəqələri yaradılıb. On altı həkimdən ibarət briqadalar kəndlərə ezam olunaraq əhalinin tibbi müayinəsini həyata keçirirlər. Humanist aksiyaya tibbin müxtəlif sahələri üzrə 50-ə yaxın həkim və orta tibb işçisi cəlb edilib. Aksiya zamanı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərir. İndiyədək tibbi müayinələr Qəbələ şəhərində, eləcə də 31 kənd yaşayış məntəqəsində aparılıb və sakinlər mütəşəkkil şəkildə həkimlərə müraciət edərək öz sağlamlıqları barədə dəqiq məlumat alıblar.


Fevralın 1-dən martın 30-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 50 mindən çox sakin tibbi müayinədən keçib. Müayinələrdən sonra 203 nəfər stasionar, 3951 nəfər ambulator müalicəyə cəlb olunub. Xəstəliyi daha ağır olan 128 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilib.


İndiyədək 31 kənddə əhalini müayinə edən həkimlər mayın 1-dək rayonun daha 33 kəndinə ezam olunacaqlar. Rayon sakinləri tibbi müayinələrin yüksək səviyyədə təşkilindən, həkimlərin onlara qayğı ilə yanaşmasından razılıqlarını bildirirlər.