“Qazax-Borçalı bölgəsinin xalçaçıları” adlı dərs vəsaiti nəşr olunub
Bakı, 16 mart,
AZƏRTAC“Azər-İlmə” Bahar bayramını xalçaçılığa dair yeni “Qazax-Borçalı bölgəsinin xalçaçıları” adlı kitab-kataloqla qarşılayır. “Azər-İlmə”nin rəhbəri, əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun rəhbərliyi ilə reallaşan “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı fundamental elmi-tədqiqat layihəsi çərçivəsində hazırlanmış və Təhsil Nazirliyində dərs vəsaiti kimi qeydiyyatdan keçmiş kitab Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatla işıq üzü görüb.
AZƏRTAC
xəbər verir ki, kitaba yazılmış “Ön söz”ün müəllifi və elmi redaktoru, akademik Teymur Bünyadovdur. Redaksiya heyətinə Azərbaycanın və Gürcüstanın tanınmış tarixçiləri, etnoqrafları və sənətşünasları daxildir.
Bu dərs vəsaitində Azərbaycan xalçalarının Qazax-Borçalı qrupunun coğrafi sərhədlərinə müvafiq olaraq, respublikamızın Ağstafa, Qazax, Tovuz, həmçinin Gürcüstanın azərbaycanlılar yaşayan Bolnisi (Çörük Qəmərli), Dmanisi (Başkeçid), Tetri-Skaro (Ağbulaq), Zalqa (Barmaqsız), Marneuli (Sarvan) rayonlarının xalçaçıları, xalçaları, xalça tacirləri, boyaqçıları haqqında məlumatlar əhatə olunub. “Müəllifdən”, “Qazax-Borçalı bölgəsinin tarixinə dair” olan bölmələr oxucuya kitabın məqsəd və məramı, ekspedisiya tədqiqatları, o cümlədən ayrı-ayrı rayonların tarixi keçmişinə dair maraqlı informasiya mənbəyidir. “Azər-İlmə”nin kolleksiyasında saxlanılan Qazax-Borçalı bölgəsinə aid qədim, müxtəlif kompozisiyalı, rəngarəng xovlu və xovsuz xalçaların, xalça məmulatlarının fotoşəkilləri və bu qrup üçün səciyyəvi olan simvolların şərhi də kitab-kataloqa daxil edilib.
Kitab-kataloq tarixçilər, etnoqraflar, sənətşünaslar, xalça mütəxəssisləri, ali və orta ixtisas məktəblərinin tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, “Azər-İlmə”nin Azərbaycanın xalçaçılıq mərkəzləri üzrə apardığı ekspedisiya tədqiqatlarına dair ilk nəşri “Naxçıvan xalçaçıları” (Azərbaycan, rus və ingilis dillərində, 2013) adlanır.