Qaxlılar Yel çərşənbəsini belə qeyd etdilər
İlaxır çərşənbələrdən üçüncüsü olan Yel çərşənbəsi ilə bağlı Qaxda bayram şənlikləri təşkil olunub.
İnama görə, Yel çərşənbəsində oyanan yel öz növbəsində suyu və odu hərəkətə gətirir. Bu münasibətlə rayonun bir çox yerində tonqallar qalanıb, Novruzun yaxınlaşmasını qeyd edən sakinlər odun ətrafına toplaşıblar. Musiqilər səslənib, sakinlər rəqs edib, əyləniblər. Xalq arasında küləyin oyandığı kimi qeyd olunan Yel çərşənbəsi Qaxda yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Əsasən də Nizami parkında böyük qələbəlik yaşanırdı. Öz adət-ənənəsinə bağlı olan sakinlər bayramı böyük coşqu ilə qarşılayırdılar. Çərşənbələrə xas atributlardan olan tonqalın ətrafına yığışan insanlar bir-birini təbrik edir, odun üstündən tullanır, yumurta döyüşdürür, Kosa ilə Keçəlin maraqlı mübahisələrindən zövq alırdılar. Qax Rayon Mədəniyyət Evinin musiqi kollektivinin ifasında təqdim olunan konsert proqramı da şənliyə rəng qatıb. Qeyd edək ki, Yel çərşənbəsi dörd çərşənbədən üçüncüsüdür. Qarşıda isə bizi sonuncu çərşənbə olan torpaq çərşənbəsi gözləyir.
Milli.Az