Dünya

Qaqauz Yeri Muxtar Ərazi Qurumunun başqanının növbəti seçkiləri olub

Metbuat.az

Kişineu, 23 mart,

AZƏRTAC

Martın 22-də Moldovanın cənubunda - Qaqauz Yeri Muxtar Ərazi Qurumunda növbəti başqan (muxtariyyətin başçısı) seçkiləri keçirilib.


AZƏRTAC

yerli KİV-lərə istinadla xəbər verir ki, seçicilər 10 elektoral rəqib arasında seçim ediblər. Daha əvvəl iki nəfər öz namizədliyini geri götürüb.


Qaqauz Yeri başqanı dörd il müddətinə seçilir. Qalib seçkilərdə iştirak edən vətəndaşların ən azı 50 faiz səsini toplamalıdır. Seçkilərin birinci turunda namizədlər tərəfindən zəruri olan qədər səs toplanmadığı təqdirdə, iki həftə sonra seçkilərin ikinci turu təşkil olunur.


Sosioloqlar İrina Vlaxı və Qaqauz Yerinin paytaxtı Komratın hazırkı meri, hakim Demokrat Partiyasının namizədi Nikolay Dudoqlonu seçki kampaniyasının favoritləri sayıblar.


Mərkəzi Seçki Komissiyası martın 23-də seçkilərin ilkin nəticələrini açıqlayıb. İlkin nəticələrə görə, İrina Vlax seçicilərin 51,01 faiz səsini toplayıb. İkinci yeri 19,05 faiz səslə Nikolay Dudoqlo tutub. Valeri Yanioqlo seçicilərin 7,96 faiz səsini qazana bilib.


Başqan seçkiləri ilə bərabər, Qaqauz Yeri Muxtar Ərazi Qurumunun Xalq Məclisinə natamam seçkilər keçirilib.


Seçkilərdə region sakinlərinin 58,1 faizi iştirak edib.


Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu