Ölkə

Qafqaz Müsəlmanları İdarəsində Corctaun Universitetinin imamı ilə görüş olub

Metbuat.az

Bakı, 11 mart, Salehə Əliyeva,

AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsində “Amerika günləri” festivalı çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Corctaun Universitetinin imamı Yəhya Hendi və onu müşayiət edən şəxslər ilə görüş olub.


AZƏRTAC

xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə qonaqları səmimi salamlayıb. O, qədim dövrlərdən tolerantlığı və dini dözümlülüyü ilə seçilən bir ölkədə dinin vəziyyəti barədə məlumat verərək bildirib ki, burada ksenofobiya və dini zəmində münaqişələr tarixən olmayıb, bir çox konfessiyaların nümayəndələri dinc yanaşı yaşayır.


Qonağa ölkəmizin ən ağrılı problemi - Dağlıq Qarabağ münaqişəsi, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalı zamanı törətdikləri vəhşiliklər, xalqımıza dəyən maddi və mənəvi ziyan barədə məlumat verilib.


ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta səmimi qəbula görə minnətdarlığını bildirib.


R.Sekuta deyib: “Azərbaycanın ağrı-acısı, xüsusən, Xocalı faciəsinə bənzər hadisələr məni çox kədərləndirir. Mən bunları diqqətlə öyrənməliyəm. Bu, mənim üçün çox vacibdir. Tarixi abidələr bir çox ölkələrdə məhv edilib. Biz bu problemlərin həlli yollarını birlikdə axtarmalıyıq”.


Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi, ölkədə dinlərin vəziyyəti belə deməyə imkan verir ki, böyüməkdə olan nəslin tərbiyəsində dini dəyərlər heç də az rol oynamır.


Corctaun Universitetinin imamı Yəhya Hendi deyib ki, artıq ikinci dəfədir ölkəmizə gəlir və özünü dostlar arasında hiss edir.


Qonaq Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayaraq deyib: “Sizin problemləriniz bizi kədərləndirir. Dua edirəm ki, bu münaqişə tezliklə sülh yolu ilə həll edilsin”.


Bildirib ki, din xadimləri münaqişələrin sülh yolu ilə həllinə töhfə verməlidirlər. Y.Hendi sonda deyib: “Əminəm ki, siz tezliklə öz torpaqlarınızı geri qaytaracaq və bizi Qarabağa dəvət edəcəksiniz”.