Mədəniyyət

Pakistanın birinci xanımı “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətdə olub

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

 


Pakistan Prezidenti Məmnun Hüseynin rəsmi səfəri çərçivəsində ölkəmizdə olan Pakistanın birinci xanımı Bequm Sahiba “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətin “Sehirli ilmələr” qalereyasında olub.


AZƏRTAC

xəbər verir ki, qonaq “Azərilmə”nin nadir Azərbaycan xalçalarından və məmulatından ibarət sərgiyə baxıb. Yüksək keyfiyyəti və naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.


Qonağa məlumat verilib ki, 1996-cı ildə yaradılan “Azərilmə” MMC-nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyanın xüsusi mükafat və sertifikatlarına layiq görülüb. Naxışlarının incəliyi, ilmələrinin yüksək sıxlığı, ornamentlərinin orijinallığı və milli koloriti ilə seçilən xalçaların istehsal prosesi bütün beynəlxalq standartlara cavab verir.


Bildirilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir.


Xalça sexi ilə tanış olan qonaq xalça toxunması prosesi ilə maraqlanıb, qalereyanın zəngin eksponatları ilə tanış olub.


Burada toxunan xalçalar yüksək keyfiyyəti və ornament müxtəlifliyi ilə seçilir. Vurğulanıb ki, Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçaları hələ orta əsrlərdə Böyük İpək Yolu boyunca yerləşən bütün ölkələrdə məşhur olub.


Diqqətə çatdırılıb ki, “Azərilmə”də toxunan xalçalar beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. “Azərilmə” Avropa Biznes Assambleyasının “United Europe” və “XXI əsrin liderləri” beynəlxalq imic proqramının “Europian Quality” (“Avropa keyfiyyəti”) nüfuzlu mükafatlarına layiq görülüb.


Pakistanın birinci xanımı “Azərilmə”nin tədris mərkəzində də olub.


Qonağa xatirə hədiyyələri təqdim edilib.