Mədəniyyət

Özbəkistanın silkway.uz portalında milli musiqi alətimiz olan saz barədə geniş material verilib

Metbuat.az

Daşkənd, 9 mart,

AZƏRTAC

Özbəkistanın silkway.uz portalında milli musiqi alətimiz olan saz haqqında rus dilində geniş yazı dərc olunub.


Materialda aşıq sənəti, saz və bu qədim alətin tarixi barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, ozan və aşıqların qoşma, gözəlləmə, müxəmməs, təcnis üstündə oxuduqları mahnıların sözlərini aşıqların özləri yazır, bəstələyir və ifa, hətta rəqs edirlər. Aşıqlar tək, ikibir, üçbir və ya ansambl formasında çıxış edirlər.


Yazıda bildirilir ki, aşıqların ifasında dastanlar da geniş yer tutur. Qəhrəmanlıq və məhəbbət dastanları adlarından da göründüyü kimi qəhrəmanlığı və məhəbbəti vəsf edir. Aşıq sənətində deyişmə də geniş yayılıb, Deyişmədə iki, üç, bəzən dörd aşıq deyişir, tapmaca formasında açılması gərək olan şeirlər oxuyurlar. Qarşıdakı aşıq deyişdiyi ozanın sözlərini açmalıdır, əgər aça bilməsə o aşıq məğlub hesab edilir.


Qeyd olunur ki, aşıq sənəti Azərbaycanla yanaşı İran, Türkiyə, Əfqanıstan, Suriya və Balkan ölkələrində geniş yayılıb.


Bildirilir ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Əfzələddin Xaqani və digər şairlərimiz əsərlərində ozan-aşıq sənətinə və saza böyük qiymət veriblər.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
DAŞKƏND