Novruz Qərb bölgəsinin bütün şəhər və rayonlarında qeyd olunur
Xalqımızın ən əziz bayramı olan Novruz Qərb bölgəsinin bütün şəhər və rayonlarında qeyd olunur.
Keçirilən el şənliklərində milli adət-ənənəmiz yada salınmaqla tarixi keçmişimizə bir daha nəzər yetirilib. Həmçinin aztəminatlı və imtiyazlı ailələrə bayram sovqatı paylanılıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkirdə Novruz bayramı Bayraq meydanında böyük çoşqu ilə qeyd olunub. Rayon ictimaiyyəti əvvəlcə çaparların gətirdiyi Bahar qızını qarşılayıb. Novruzun əsas atributlarından olan bayram tonqalı alovlanıb. Milli mətbəximizin nümunələri, qədim məişətimiz, adət-ənənəmiz idmançıların nümunəvi çıxışları yüksək peşəkarlıqla təqdim olunub. Rayonda fəaliyyət göstərən folklor kollektivlərinin nəğmələri, kəndirbazların təqdim etdiyi nömrələr maraqla qarşılanıb. Tədbir uşaq rəqs qruplarının, rayon aşıqlarının çıxışları ilə daha yadda qalan olub. Sonda şəmkirlilər adından ön cəbhədə dayanan əsgərlərimizə bayram sovqatı göndərilib.
Samuxda isə rayon ictimaiyyəti Bahar qızını Heydər Əliyev parkında qarşılayıb. Bütün idarə, müəssisə və təşkilatların iştirak etdiyi bayram tədbirində tonqal qalanıb. Yerli mədəniyyət işçilərinin nəğmələri, idmançıların çıxışları, gənclərin xoruz davası maraqla qarşılanıb. Tədbir musiqi və rəqslərin ahəngi ilə davam edib. Novruz bayramı münasibəti ilə Samux rayonunda aztəminatlı və imtiyazlı ailələrlə görüş keçirilib, qayğı və problemləri dinlənilib. Bayram münasibəti ilə onlara sovqat verilib.
Göygöldə Novruz şənliyi mərkəzi stadionda keçirilib. İdmançıların kəndirbazların və pəhləvanların nümunəvi çıxışları, eləcə də gənc istedadların rəqs və nəğmələri göygöllülərin bayram əhval- ruhiyyəsini bir qədər də yüksəldib. İştirakçılar milli adət- ənənəmizlə daha yaxından tanış olub, təamların dadına baxıblar. Tədbir yerli mədəniyyət işçilərinin hazırladığı geniş konsert proqramı ilə davam edib.
Tovuzda rayonun girişində ucaldılan qala kompleksində təşkil edilən bayram tədbirinə böyükdən-kiçiyə hər kəs qatılıb. Səməni, paxlava, şəkərbura, boyanmış yumurtalar və digər bayram atributları diqqət çəkib. Pəhləvanların, azyaşlı idmançıların nümunəvi çıxışları isə bayramı daha da coşdurub. Novruz şənliyi musiqçilərin, rəqqasların iştirakı ilə davam edib.
Qazaxda bayram şənliyi rayonun Mədəniyyət Mərkəzində başlayıb. Əvvəlcə mərkəzin foyesində sərgi nümayiş olunub. Kosa, Keçəl, Bahar qızının söylədiyi şeirlər, məzəli əhvalatlar mərkəzin qarşısında, tonqal ətrafına toplananların ürəyincə olub. Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında göstərilən tamaşalar, Novruzla bağlı adətlər, “Vurğun” instrumental ansamblının ifasında oxunan mahnılar isə bayram coşğusunu daha da artırıb.
Milli.Az