Novruz həm də sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır
Daşkənd, 19 mart,
AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Respublika Azərbaycan İctimai Birliyi (RAİB) ilə birgə Novruz bayramı münasibətilə bayram şənliyi keçirib.
Bayram tədbirində Özbəkistan Xarici İşlər Nazirliyinin nümayəndələri, Türkiyənin Özbəkistandakı səfiri Namik Önər, Daşkənddəki xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, ölkənin mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, diasporumuzun üzvləri, azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Novruz bayramının tarixi haqqında məlumat verib. Diplomat deyib ki, 2010-cu ildə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisi yekdilliklə martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.
Səfir deyib ki, Novruz bayramı lap qədimdən bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olub. Novruz həm də sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır.
Tədbirdə qeyd olunub ki, Novruz bayramının beş min il yaşı var. Böyük şair və mütəfəkkirlər Nizami Gəncəvi, İbn Sina, Rudəki, Sədi, Hafiz və başqaları Novruzun İslamdan xeyli əvvəl yarandığını əsərlərində qeyd ediblər.
Hüseyn Quliyev və RAİB-nin sədri Mobil Məmmədov Daşkənddəki bir sıra mədəniyyət mərkəzlərinin fəallarına və diasporumuzun aktiv üzvlərinə diplomlar və qiymətli hədiyyələr təqdim ediblər.
Sonra “Özbəkistan ümumi evimizdir” festivalının laureatı Rəna Əzizova Azərbaycanın xalq mahnılarını və təsniflərimizi, Özbəkistanın “Uzbeqim yoşları” qrupunun solistləri Movcuda Alimova, Omadbek Axmadjonov və Umida Tadjimatova Azərbaycan və özbək mahnılarını, Xilola Sadikova dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını, “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Mərasimdə tonqal qalanıb. Bayram süfrəsi arxasında keçirilən şənlik bir neçə saat davam edib.
Bayram şənliyi ilə əlaqədar tədbir iştirakçılarına Novruz şirniyyatları paylanıb, qonaqlara Azərbaycan milli yeməkləri və şirniyyatları təqdim olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd