Mədəniyyət

Novruz birlik, qardaşlıq, ruzi-bərəkət bayramıdır

Metbuat.az

Tbilisi, 19 mart,

AZƏRTAC

Novruz dostluq, qardaşlıq, ruzi-bərəkət bayramıdır. Artıq bir neçə ildir ki, gürcülər də azərbaycanlılarla birlikdə bu bayramı təntənə ilə qeyd edirlər. Xalqlarımızın milli bayramlarda bir yerdə olması dostluğumuzun, qardaşlığımızın və birliyimizin bariz nümunəsidir.


AZƏRTAC

xəbər verir ki, bu fikirlər Novruz bayramı ilə əlaqədar Gürcüstanın Rustavi şəhərində keçirilmiş tədbirdə səslənib.


Rustavi şəhər meriyasının və “Varlıq” Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, dövlət və hökumət strukturlarının əməkdaşları, diaspor qurumlarının nümayəndələri iştirak ediblər.


Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı Elcan İmamverdiyev, Gürcüstan Baş nazirinin müşaviri Savalan Mirzəyev, Kvemo-Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili, şəhərin meri David Cikiyo və başqaları çıxış edərək Novruz bayramının özəlliklərindən danışıblar. Bildirilib ki, sovet dövründə imperiya rəhbərliyi bəzi milli bayramların, o cümlədən Novruzun keçirilməsinə müxtəlif üsullarla qadağa qoymağa çalışıb. Lakin Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, bu bayramı yaşadıb və daha da dünyəviləşdirib.


Sonra azərbaycanlı və gürcü məktəblilər, incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.


Məktəblilərin nümayiş etdirdikləri səhnəciklər, ifalarındakı mahnı və rəqslər, xüsusilə də Kosa və Keçəlin məzəli çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi