Mədəniyyət

Novruz bayramı İsveçrədə də qeyd edilib

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

 


Azərbaycanın İsveçrədəki səfirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İsveçrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bern şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib.


Səfir Əkrəm Zeynallı Novruz bayramının Azərbaycan xalqının ən qədim və sevimli bayramlarından olduğunu, xalqımızın bu bayramı hər zaman əziz tutduğunu, ulu öndər Heydər Əliyevin Novruz bayramına xüsusi qayğı ilə yanaşdığını və Novruzu hər zaman xalqı ilə birlikdə qeyd etdiyini, Novruz bayramına dövlət bayramı statusu verildiyini diqqətə çatdırıb. O, xalqımızın öz adət-ənənələrinə həmişə sadiq olduğunu, milli dəyərlərimizin bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhkəmləndirildiyini və müstəqil Azərbaycan dövlətinin məhz milli dəyərlərimiz üzərində qurulduğunu, milli ideologiyamızın müstəqillik, azərbaycançılıq, müasirlik, vətənpərvərlik, milli və dini dözümlülüyə əsaslandığını vurğulayıb.


Səfir baharın gəlişini və təbiətin oyanmasını təcəssüm etdirən Novruzun xalqımıza xoş ovqat və insanlara yüksək əhval-ruhiyyə bəxş etdiyini söyləyib.


Tədbir Azərbaycanın xalq artisti İlham Əsgərovun təqdimatı, müğənnilər Vasif Məhərrəmli və Xatun Əliyevanın ifası ilə davam edib. Tədbir iştirakçıları Azərbaycan mətbəxinin təamlarına qonaq ediliblər.


Bayram mərasimində İsveçrədə yaşayan və işləyən həmyerlilərimiz, eləcə də burada təhsil alan azərbaycanlı tələbələr daxil olmaqla təqribən 300 nəfər iştirak edib.