Mədəniyyət

Nizami Kino Mərkəzində milli komediya filminin qala-gecəsi keçiriləcək

Metbuat.az

Bakı, 30 mart,

AZƏRTAC

Aprelin 1-də Azərbaycanın ən böyük kinoteatrı olan Nizami Kino Mərkəzində növbəti milli komediya filmi “Yumurta”nın qala–gecəsi keçiriləcək.


Rejissor Ramil Adiloğlu fantastik-absurd komediya, macəra və utopiya janrında çəkdiyi bu filmdə baş rolları xalq artisti Arif Quliyev, aktyorlar Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə, Bəhram Bağırzadə, Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov və başqaları canlandırıblar.


“Yumurta” filmi arxeoloq Tapdıqın qazıntılar zamanı tapdığı, milyon yaşı olduğu iddia edilən, yumurtadan bəhs edir. Tapdıqın mülahizəsinə əsasən, qədim tayfa başçısı, ona babalarından miras qalmış müqəddəs yumurtaları oğlu Duduya təqdim edir və onların ciddi qorunmasını tapşırır. Əks halda, yumurtalar sınarsa, böyük fəlakətin baş verəcəyini söyləyir. Təsadüfən Dudunun əlindən düşüb sınan yumurta, onu indiki dövrə gətirir...


İyirmidən artıq tanınmış aktyoru özündə cəmləşdirən “Yumurta” Gülüş günü tamaşaçıya maraqlı süjet və bol gülüş vəd edir.


Qala–gecəsində filmin rejissoru Ramil Adiloğlu, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər.