Nərimanov rayonunda Novruz şənliyi təşkil edilib
Bakı, 18 mart,
AZƏRTACMartın 18-də metronun Nəriman Nərimanov stansiyasının yaxınlığındakı parkda Novruz bayramı münasibətilə minlərlə sakinin qatıldığı bayram şənliyi keçirilib.
Mərasimdə, eyni zamanda, rayonda yerləşən təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərginin nümayişi olub. Sərgidə qədim adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları göz oxşayıb. Bayramın əsas personajları olan Kosa və Keçəlin çıxışı şənliyə xüsusi zövq qatıb. İncəsənət ustalarının baharı, ölkəmizi tərənnüm edən mahnıları bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.
Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi abidələrimizin, milli mənəvi dəyərlərimizin və qədim adət-ənənələrimizin qorunmasına daim diqqət və qayğı ilə yanaşdığı, eyni zamanda, Ulu Öndərin bu istiqamətdə yürütdüyü siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Sonra Novruz tonqalı alovlandırılıb.