İqtisadiyyat

“Neft Daşları”nda estakadayanı meydança və meydançaya giriş estakadası əsaslı təmir edilib

Metbuat.az

Bakı, 31 mart,

AZƏRTAC

“Neft Daşları” yatağında yerləşən 2223 nömrəli estakadayanı meydança və 137 metr uzunluğunda meydançaya giriş estakadası əsaslı təmir olunub.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən

AZƏRTAC

-a verilən məlumata görə, meydançadakı hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Neftqaztikinti” tresti tərəfindən aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyalar yenisi ilə əvəz olunub. Həmçinin, 72 ədəd svay vurulub, 36 ədəd rigel, 28 ədəd FTP-10 tipli fəza ferması və 320 ədəd dəmir beton tava quraşdırılıb. Ümumiyyətlə, 1534 kvadratmetr sahəni əhatə edən estakadayanı meydançanın 1000 kvadratmetrə yaxın hissəsi əsaslı təmir edilib.


Qeyd edək ki, 1983-cü ildən istismara verilən, dənizin 21 metr dərinliyində yerləşən 2223 nömrəli estakadayanı meydançada 6 istismar quyusundan sutkada 40 tona yaxın neft və 1600 kubmetr qaz hasil olunur.