Dünya

"Nabucco" qayıdır?

Metbuat.az

Azərbaycan və Bolqarıstan "Nabucco" layihəsini bərpa etmək istəyir.



ANS PRESS-in məlumatına görə, bu haqda razılıq Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı əldə edilib. Bolqarıstanın baş naziri Boyko Borisov keçirdiyi mətbuat konfransında bildirib ki, burada "Nabucco"nun məhz Bolqarıstan ərazisindən keçən hissəsi nəzərdə tutulur.



Baş nazirin sözlərinə görə, o və İlham Əliyev layihəni Avropa komissiyasına təqdim etmək üçün birlikdə Brüsselə getmək niyyətindədirlər. "Bolqarıstan yalnız maneə ola bilməz, Bolqarıstan təkcə Avropa komissiyasının mənafelərini müdafiə edə bilməz. "Nabucco" layihəsi bütövlükdə həm NATO, həm də Avropa layihəsidir və biz illər ərzində bu layihəyə az əmək sərf etməmişik", - deyə Boyko Borisov bəyan edib.



Xatırladaq ki, uzunluğu 3,3 min kilometr və gücü ildə 31 milyard kub metr qaz olan "Nabucco"nun tikintisinə 2011-ci ildə başlanılacaqdı. Layihə Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyaya qaz verilməsini nəzərdə tuturdu. "Nabucco"nun tikintisi üzrə konsorsiuma Türkiyənin BOTAŞ, Bolqarıstanın “Bulgarian Energy Holding”, Macarıstanın “MOL Plc”, Avstriyanın "OMV Gas&Power GmbH", Almaniyanın “RWE” və Rumıniyanın “Transgaz” şirkətləri daxil idi. 2012-ci ildə isə layihənin yeni variantı - "Nabucco West" təqdim edildi. Bu, əvvəlkindən 3 dəfə daha kiçik - 1,3 min kilometr uzunluqda olacaqdı. Qaz kəməri Azərbaycanın Şahdəniz-2 yatağından Avropa ölkələrinə qədər uzanacaqdı və Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazilərindən keçəcəkdi. Lakin 2013-cü ilin iyun ayında layihə ləğv edildiyi elan edildi.

Mənbə
ANS PRESS