Ölkə

Muxtar respublikada narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə daim diqqət mərkəzindədir

Metbuat.az

Naxçıvan, 12 mart,

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəqlinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarla bağlı birgə iclası keçirilib.


Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, tədbiri açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov dövriyyəsinə icazə verilməyən narkotik və psixotrop dərman preparatlarının muxtar respublika ərazisində satış və dövriyyəsinin qadağan edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə 2010-cu ildə keçirilən birgə kollegiya iclasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, həmin iclasda narkotik və psixotropların siyahısına bəzi əlavələr olunduğunu xatırladıb.


Qeyd olunub ki, bu problemin aktuallığı nəzərə alınaraq son vaxtlar bir sıra əczaxanalarda yoxlamalar aparılıb. Aşkar olunan mənfi hallara qarşı muxtar respublikanın Daxili İşlər Nazirliyi və gömrük orqanları ilə həyata keçirilən tədbirlər öz bəhrəsini verir.


Sonra Daxili İşlər Nazirliyinin Narkotiklərlə mübarizə şöbəsinin rəisi Qasım Əsgərov, Dövlət Gömrük Komitəsinin qaçaqmalçılıq şöbəsinin rəisi Əli Əliyev, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabat­ov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əczaçılıq və özəl tibb müəssisələri sektorunun müdiri Hacı Əliyev çıxış ediblər.


Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Dövlət Televiziyası ilə əczaxanalarda birgə reyd materialı nümayiş olunub.


Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, polis general-leytenantı Əhməd Əhmədov çıxış edərək, narkotik və psixotrop dərman preparatlarının muxtar respublika ərazisinə gətirilməsi, satışı, saxlanılması və dövriyyəsi ilə bağlı həyata keçiriləcək tədbirlər barədə danışıblar.


Qərara alınıb ki, özəl və dövlət tibb müəssisələrinin rəhbərləri başçılıq etdikləri müəssisələrdə stasionar, ambulator müalicə alan xəstələrə yazılan tələbnamələrin, nüsxələrin qanunauyğun şəkildə yazılmasına birbaşa nəzarəti həyata keçirməlidirlər. Bu nəzarət mütəmadi davam etdirilməlidir. Narkoloji xəstələr üçün ambulator və stasionar müalicə yalnız narkoloq həkim tərəfindən aparılmalıdır.


Sonra iclasın yekunu ilə bağlı qərar qəbul olunub.