Sosial

Multikulturalizmin uğursuzluğu

Metbuat.az

Avropalıların bir çoxu 30 il əvvəl multikulturalizmə, yəni müxtəlif mədəniyyətlərdən olan insanların bir cəmiyyətdə yaşamasının dəstəklənməsinə Avropanın sosial problemlərinin həlli yolu kimi baxırdı. Bu gün isə getdikcə daha çox insan multikulturalizmi həmin problemlərin səbəbi hesab edir. Bu da Britaniyanın baş naziri Devid Kemeron və Almaniyanın kansleri Angela Merkel daxil olmaqla, tanınmış siyasətçilərin ictimai şəkildə multikulturalizm və onun yaratdığı təhlükələr əleyhinə çıxışlar etmələrinə, Niderlandiyanın “Azadlıq Partiyası”-dan tutmuş Fransanın “Milli Cəbhə” partiyasına qədər bütün Avropada radikal sağçı partiyalar və xalqa vədlər verən siyasətçilərin daha da müvəffəqiyyət qazanmalarına səbəb olub. Ən ekstremal hallarda isə Norveçin Ütoya adasında Anders Berinq Breyvik tərəfindən törədilən terror aktı kimi hədsiz zorakılıqlar hallarına gətirib çıxarıb.

 
Bu dəyişiklik necə oldu? Multikulturalizm tənqidçilərinə görə, Avropanın kifayət qədər inteqrasiya tələb etmədən həddən artıq immiqrasiyaya imkan verməsi sosial uyğunlaşmanı pozub, milli kimlikləri zərbə altında qoyub və xalqın inamını azaldıb. Multikulturalizmin tərəfdarları isə hesab edirlər ki, problem müxtəliflikdə yox, irqçilikdədir.
 
Ancaq multikulturalizm haqqında əsl həqiqət hər iki tərəfin də hesab etdiyindən daha mürəkkəbdir və bunun haqqında müzakirədə çox vaxt yalançı arqumentlərdən istifadə edilir. Multikulturalizm immiqrasiya, kimlik, siyasi narazılıq, fəhlə sinfinin azalması kimi digər sosial və siyasi məsələlər üçün müzakirə vasitəsinə çevrilib. Bundan başqa, müxtəlif ölkələr müxtəlif yollar seçiblər. Birləşmiş Krallıq siyasi sistemdə müxtəlif etnik icmalara bərabər pay ayırmağa çalışıb. Almaniya immiqrantlara vətəndaşlıq vermək əvəzinə ayrı həyat yaşamalarını dəstəkləyib. Fransa isə multikulturalizm siyasətini rədd edərək assimilyasiya siyasətini seçib. Eyni zamanda bu ölkələrdə nəticələr də müxtəlif olub: Birləşmiş Krallıqda müxtəlif icmalar arasında zorakılıq halları müşahidə olunub, Almaniyada türk icmaları ümumi cəmiyyətdən ayrılıb, Fransada isə hakimiyyət orqanları ilə Şimal Afrika icmaları arasında əlaqələr olduqca gərginləşib. Ancaq hər yerdə mühüm nəticələr eyni olub: parçalanmış cəmiyyətlər, təcrid olunmuş azlıqlar və incidilmiş vətəndaşlar.
 
Multikulturalizmdən siyasi bir vasitə olaraq təkcə müxtəlifliyə qarşı bir reaksiya kimi yox, eyni zamanda bunun məhdudlaşdırılması üçün bir vasitə kimi də istifadə edilib. Bunun özü də paradoks yaradır. Multikulturalizm siyasətində cəmiyyətlərin mədəni və etnik cəhətdən müxtəlif olduğu qəbul edilsə də, bu müxtəlifliklər azlıqlar şəklində özünü göstərir. Yəni bu siyasətin tərəfdarları insanları vahid homogen müsəlman icması kimi etnik və mədəni cəhətdən qruplara ayırmaqla, onların ehtiyac və hüquqlarının sərhədlərini müəyyənləşdirməklə müxtəlifliyi normaya çevirməyə çalışırlar. Başqa sözlə, onlar məhz aradan qaldırmalı olduqları parçalanmanı özləri yaratmış olurlar.
 
Multikulturalizm haqqında gedən mübahisələrin həll edilməsi anlayışın özünü başa düşməyi tələb edir. “Multikultural” termini həm, adətən, immiqrasiya nəticəsində mədəni və etnik cəhətdən müxtəlif olan cəmiyyətin, həm də belə bir cəmiyyətin idarə edilməsi üçün zəruri olan strategiyaların xarakterizə edilməsi üçün istifadə olunmağa başlayıb. Bununla da, bu termin həm cəmiyyətin təsvirini, həm də onun idarəsi üçün həlli yollarını özündə ehtiva edir.
 
Multikulturalizmin həm tərəfdarları, həm də tənqidçiləri kütləvi immiqrasiyanın Avropa cəmiyyətlərinin müxtəlifliyini artıraraq dəyişdiyini qəbul edirlər. Bu gün ABŞ-dan sonra Almaniya immiqrantların ən çox getdiyi ikinci ölkədir. 2013-cü ildə 10 milyondan çox insan, yəni əhalinin 12 faizindən çoxu xaricdə doğulub. Bu göstərici Avstriyada 16, İsveçdə 15, Fransa və Birləşmiş Krallıqda isə 12 faiz olub. Tarixi baxımdan bu ölkələrin heç vaxt olmadıqları qədər plüral olduqları iddiaları isə göründüyü qədər sadə deyil. Bu gün keçmişə baxanda XIX əsrin Avropa cəmiyyətləri homogen görünsələr də, həmin cəmiyyətlər o vaxtı özlərini elə görmürdülər.
 
Fransaya baxaq. Məsələn, Fransa İnqilabı dövründə əhalinin yalnız yarısı fransız dilində danışır, təxminən 12 faizi isə bu dildən düzgün istifadə edirdi. Tarixçi Yevgeni Veberin də göstərdiyi kimi, inqilabdan sonra Fransanın müasirləşdirilməsi və birləşdirilməsi üçün uzun və məşəqqətli mədəni, siyasi və iqtisadi prosesdən keçmək lazım gəlirdi. Bu səylər müasir Fransa dövlətini və Avropa ilə Fransanın qeyri-Avropa mədəniyyətləri üzərində üstünlüyü ideyasını yaratdı. Ancaq bununla eyni zamanda əhalinin əksəriyyətinin sosial və mədəni cəhətdən bir-birindən nə qədər fərqli olduğu anlayışı gücləndi. Xristian sosialist Filip Büşez 1857-ci ildə Fransanın Tibbi-Psixoloji Cəmiyyətinə müraciətində onlarınkı kimi əhali arasında ən vəhşi irqlərdən belə aşağı hesab ediləcək qədər səfil, dəyərsiz və alçalmış, bir yox, bir neçə irqin necə yarana biləcəyini sorğulayır. Büşezi narahat edən “irqlər”-lə Afrika və Asiyadan gələn immiqrantlar yox, Fransanın kənd yerlərində yaşayan yoxsul əhali nəzərdə tutulur.
 
Kraliça Viktoriyanın dövründə bir çox britaniyalılar da şəhərin fəhlə təbəqəsi ilə kənd yoxsullarına eyni dəyəri verirdilər. O dövrün məşhur “The Saturday Review” qəzetinin 1864-cü il buraxılışında Şərqi Londonun Betnal Qrin bölgəsində fəhlə sinfinin həyatı ilə bağlı çıxan bir şəkil o dövrün orta sinfinin münasibətini tipik şəkildə təsvir edirdi. Məqalədə belə yazılmışdı: “Betnal Qrin yoxsulları haqqında heç nə bilmədiyimiz bir irqin, həyatları bizimkindən olduqca fərqli olan, heç bir əlaqəmiz olmayan sinfin nümayəndələridir.” Qullar və sahibləri arasında fərqlər varlı və yoxsulları ayıranlardan daha “parlaq, bariz” hesab edilsə də, burda göstərilən fərqlər o qədər dərin idi ki, “birlik və yoldaşlıq”-dan söhbət gedə bilməzdi.
 
Bu gün Bental Qrin Şərqi Londonda Banqladeş icmasının əsasını təmsil edir. Bir çox ağdərili britaniyalılar öz sakinlərini mədəni və irqi cəhətdən fərqləndirərək Betnal Qrinin yeni yoxsulları hesab edirlər. Ancaq yenə də ağdərili britaniyalılarla banqladeşli qonşuları arasındakı fərqləri qul və sahibləri arasındakı fərqlərlə yalnız siyasi qruplaşmalar müqayisə edə bilərlər. Kraliça Viktoriyanın dövründən bir cənabla və ya zavod sahibi ilə ferma işçisi, ya da maşinist arasındakı sosial və mədəni fərqlər bu gün ağdərili bir sakinlə Banqladeş əsilli bir sakin arasındakı həmin fərqlərdən daha çox olub. Bir-birlərindən nə qədər fərqli olduqlarını düşünsələr də, Betnal Qrində yaşayan Banqladeş əsilli 16 yaşlı yeniyetmə ilə 16 yaşlı ağdərili britaniyalı, çox güman ki, eyni cür paltarlar geyinir, eyni musiqiyə qulaq asır və eyni futbol klubunu izləyirlər. Ticarət mərkəzi, idman sahəsi onları bir araya gətirir və bununla da, keçmişdəkindən daha çox ortaq tərəfləri olan mədəni təcrübələr yaranır.
 
Oxşar tarixi unutqanlıq immiqrasiya ətrafında gedən müzakirələrə də təsir göstərir. Multikulturalizm tənqidçiləri Avropada immiqrasiyanın əvvəlkindən daha fərqli olduğunu bildirirlər. Jurnalist Kristofer Kaldvel “Avropada İnqilab haqqında Fikirlər” (ing. “Reflections on Revolution in Europe”) adlı kitabında göstərir ki, II dünya müharibəsindən əvvəl Avropa ölkələrinə gələn immiqrantlar sırf Avropadan olduqlarına görə asanlıqla yerli xalqa qarışırdılar. Kaldvel belə bir fikir irəli sürür ki, “Avropa daxili hərəkətlər üçün immiqrasiya sözünün istifadəsi Nyu-Yorklu birinin “Kaliforniyaya gedən bir immiqrant” kimi təsvir edilməsindən daha məntiqli səslənir.” Kaldvelə görə, müharibədən əvvəl Avropa daxilində immiqrasiya müharibədən sonra Avropa xaricindən insanların immiqrasiyasından fərqlənirdi, çünki qonşu ölkələrdən immiqrasiya “Onlar bura nə qədər uyğunlaşa biləcəklər?”, “İstədikləri xalqa qarışmaqdırmı?” və ən önəmlisi “Bəs onların sədaqəti hanı?” kimi narahatlıq doğuran sualların yaranmasına səbəb olmur.
 
Ancaq elə müharibədən əvvəlki illərdə Avropalı immiqrantları məhz bu suallar qarşıladı. Alim Maks Silvermenin də yazdığı kimi, II dünya müharibəsindən sonra Fransanın immiqrantları asanlıqla assimilyasiya etdiyi fikri “retrospektik bir illüziya”-dır. Eyni şey Birləşmiş Krallığa da aiddir. 1903-cü ildə İmmiqrasiya üzrə Kralllıq Komissiyasına şahidlər Birləşmiş Krallığa yeni gələnlərin onların adət-ənənələrinə uyğun yaşamağa meylli olacaqları ilə bağlı qorxularını ifadə etdilər. Qəzet redaktoru J. L. Silverin bildirdiyi kimi, “zəif Avropa məhsullarının” “İngiltərə ehtiyatına” yerləşdirilə biləcəyi ilə bağlı narahatlıqlar da var idi. Ölkədə immiqrasiya haqqında ilk olan “Əcnəbilər haqqında Qanun” (ing. “Aliens Act”) xüsusilə avropalı yəhudilərin axınını kəsmək üzün hazırlanmışdı. O vaxtkı baş nazir Artur Balfurun iddialarına görə, belə bir qanun olmadan Britaniya milləti növbəti əsrlərdə varislərimiz olmasını istədiyimiz millət olmazdı.
 
Müasir Avropanın XIX əsrdə olduğundan daha plüral olub-olmaması müzakirə mövzusu olaraq qalsa da, avropalıların bunu belə qəbul etdiyi şübhəsizdir. Bu, əsas etibarilə, insanların sosial müxtəlifliklərə necə tərif vermələri ilə əlaqədardır. Bir əsr yarım bundan əvvəl sosial sinif sosial əlaqələrin dərk edilməsi üçün daha önəmli bir meyar idi. Bunu indi anlamaq nə qədər çətin olsa da, o dövrdə bir çoxları irqi fərqləri dəri rəngində yox, sosial sinif və ya sosial mövqedəki fərqlərdə görürdülər.
 
Bununla belə, ötən bir neçə on illik ərzində Avropada sosial sinfin həm siyasi kateqoriya, həm də sosial kimliyin göstəricisi kimi əhəmiyyəti azalıb. Eyni zamanda mədəniyyət insanların sosial fərqləri qavradıqları əsas bir vasitəyə çevrilib. Bu dəyişiklik daha böyük tendensiyaları əks etdirir. Ötən 200 il ərzində siyasi fəaliyyəti xarakterizə edən ideoloji fərqlər artıq azalıb, solçu və sağçılar arasındakı köhnə fərqlər daha az məna kəsb etməyə başlayıb. Fəhlə sinfi iqtisadi və siyasi gücü itirdiyindən həmkarlar ittifaqları və kollektivçilik ideologiyaları tənəzzül edib. Bazar isə sosial həyatın, demək olar, hər bir sahəsinə daxil olub. Ənənəvi olaraq, həmkarlar ittifaqlarından kilsəyə qədər fərqli şəxsləri bir araya gətirən müəssisələr ictimai həyatda tədricən yoxa çıxıb.
 
Nəticə etibarilə, özlərinə və sosial əlaqələrinə fərqli şəkildə baxmağa başlayan avropalılar sosial həmrəyliyi getdikcə siyasi baxımdan yox, etnik mənsubiyyət, mədəniyyət və ya inanc baxımından müəyyənləşdirirlər. Onları hansı cəmiyyətə mənsub olduqlarını müəyyənləşdirmək yaratmaq istədikləri cəmiyyəti müəyyənləşdirməkdən daha çox narahat edir. Əlbəttə, bu iki məsələ yaxından əlaqəlidir və sosial kimlik istənilən anlamda bunların ikisini də nəzərə almalıdır. Ancaq ideoloji spektr kiçildikcə və dəyişiklik mexanizmləri tükəndikcə, ideologiya siyasəti öz yerini kimlik siyasətinə verib.
 
Müasir Avropa cəmiyyətlərinin son dərəcə müxtəlif olaraq verildiyi təsvirdə multikulturalizm açıq şəkildə qüsurlu görünür. Bəs onda multikulturalizmin nəzərdə tutulan müxtəliflik üçün hansı həlli yolları var? Ötən otuz il ərzində bir çox Avropa ölkələri multikultural strategiyalar qəbul etsələr də, bunu müxtəlif yollarla ediblər. Bunlardan yalnız ikisini – Birləşmiş Krallıqla Almaniyanın müqayisəsi və onların ortaq dəyərlərinin dərki multikulturalizm haqqında çox şey göstərir.
 
Azlıqlar öz fərqliliklərini müdafiə etmək istədiklərinə görə, hökumətlərin multikultural strategiyalar qəbul etmələri Avropa ölkələrində ən geniş yayılmış miflərdən biridir. Mədəni assimilyasiya haqqında suallar siyasi elitaların diqqətini cəlb etsə də, nisbətən son vaxtlara qədər immiqrantların özlərini düşündürməyib. 1940-cı illərin sonu və 1950-ci illərdə işçi çatışmazlığını aradan qaldırmaq üçün Karib, Hindistan və Pakistandan Birləşmiş Krallığa böyük sayda immiqrantların gəldiyi vaxtda Britaniya rəsmiləri onların ölkənin kimlik anlayışına zərbə vura biləcəklərindən çəkinirdilər.
 
İmmiqrantlar özləri ilə fəxr etdikləri vətənlərinin adət-ənənələrini gətirdilər. Ancaq öz mədəni fərqlərini qorumaq onları nadir hallarda narahat edirdi. Ümumiyyətlə, onlar mədəniyyəti siyasi bir məsələ hesab etmirdilər. Onları narahat edən fərqli münasibət görmələri idi. Onların narahatlıqları din və etnik mənsubiyyət yox, irqçilik və qeyri-bərabərlik idi. Növbəti onilliklərdə yeni nəsil qaradərili və asiyalı aktivistlər iş yerində ayrı-seçkilik, deportasiya və polis şiddətinə qarşı tətil və etiraz nümayişləri təşkil edərək bu problemlər üzrə fəaliyyət göstərdilər. Bu səylər 1970-ci ilin sonu, 1980-ci illərdə Birləşmiş Krallığın daxili şəhərlərinə yayılan bir sıra üsyanlarda zirvəyə çatdı.
 
Britaniyanın rəhbər orqanları həmin anda başa düşdülər ki, azlıq təşkil edən icmalara sistemdə siyasi yer verilmədikcə gərginliklər şəhər stabilliyi üçün təhlükə təşkil etməyə davam edəcək. Elə bu dövrdə multikultural strategiyalar yarandı. Dövlət həm milli, həm də yerli səviyyədə qaradərili və asiyalı immiqrantları onların maraqlarını təmsil edəcək xüsusi təşkilat və icma liderləri təyin etməklə ümumi siyasi prosesə çəkmək üçün yeni strategiya başlatdı. Bu yanaşma irqçilik və qeyri-bərabərlik anlayışlarına yenidən tərif verdi. İrqçilik artıq təkcə bərabər hüquqlardan məhrum etmə yox, eyni zamanda fərqli olmaq hüququndan da məhrum etmə demək idi. Bərabərlik isə artıq irq, etnik mənsubiyyət, mədəniyyət və inancı aşan hüquqlara sahib olmaq yox, bütün bunlara görə hüququnu tələb etmək mənasına gəldi.
 
Birləşmiş Krallığın ən çox əhalisi olan ikinci şəhəri Birmingemə baxaq. İşsizlik, yoxsulluq və xüsusilə də polis şiddətinə qarşı getdikcə artan hiddət nəticəsində başlamış üsyanlar 1985-ci ildə şəhəri bürümüşdü. Bu üsyanlarda iki nəfər həlak olmuş, onlarla insan yaralanmışdı. İğtişaşdan sonra şəhər şurası 9 “qoruyucu” qrup – təşkilat yaratmaqla azlıqları cəlb etməyə çalışdı. Bu komitələr hər bir icmanın ehtiyacları, resurslar üçün ödənişin necə və kimə ediləcəyi və siyasi gücün necə paylanacağı haqqında qərarlar verirdilər.
 
Şəhər şurası azlıqları demokratik prosesə cəlb etməyi ümid etsə də, qruplar hələ də öz şəxsi və kollektiv səlahiyyətlərini müəyyənləşdirmək üçün mübarizə aparırdılar. Afrika və Karib Xalq Hərəkatı kimi bəzi qruplar etnik bir qrupu təmsil edir, Qaradərililərin Kilsə Şurası (ing. The Council of Black_led Churches) kimi digərləri isə dini xarakter də daşıyırdılar. Qruplar arasındakı fərqlər daxildəki fərqlərlə qarşılaşdırılırdı; məsələn, Banqladeş İslam Layihələri üzrə Məşvərətçi Komitə (ing. Bangladeshi Islamic Projects Consultative Committee) tərəfindən təmsil olunan insanlar eyni dərəcədə dindar deyildilər. Ancaq şəhər şurasının planı effektiv şəkildə azlıq qrupların hər bir üzvünü fərqli bir icmaya təyin etdi, hər bir qrupun ehtiyaclarını bütöv şəkildə müəyyənləşdirdi və müxtəlif qruplar arasında şəhər resursları üçün rəqabət yaratdı. Müəyyənləşdirilmiş icmalardan kənarda qalan hər bir kəs isə multikultural prosesdən tamamilə xaric edildi.
 
Birmingemin strategiyaları ilə bağlı problem odur ki, hüquq verilməsi üçün etnik mənsubiyyət əsas götürülürdü. Bu, etnik və ya inanc istiqamətləri üzrə resursların bölüşdürməsi üçün yaxşı yol kimi qəbul edilməyə başlandı. Ona görə də, təşkilatlar insanların ehtiyaclarının ödənməsi və ya resursların bərabər bölüşdürülməsini düşünmək əvəzinə etnik mənsubiyyətin bölüşdürülməsini düşünməyə məcbur oldular. Bu da faciəvi nəticələr verdi. 1985-ci il üsyanlarından 20 il sonra 2005-ci ilin oktyabr ayında qonşu Lozells şəhərində iğtişaş başladı. 1985-ci il üsyanında asiyalı, qaradərili və ağdərili nümayişçilər yoxsulluq, işsizlik və polis şiddətinə qarşı küçələrə axışmışdılar. 2005-ci ildə isə döyüş qaradərililərlə asiyalılar arasında gedirdi. Şayiələrə görə, iğtişaşın səbəbi heç vaxt əsaslandırılmasa da, bir qrup asiyalının yamaykalı bir qıza təcavüz etdiyi olub.
 
1985-ci ildə birgə mübarizə aparmış 2 icma niyə görə 2005-ci ildə bir-birinə qarşı döyüşdü? Bu sualın cavabı Birmingemin multikultural strategiyalarındadır. Bu strategiyaların elmi tədqiqatında göstərildiyi kimi, “Qoruyucu Qruplar vasitəsilə cəlbetmə strategiyası qaradərili və etnik azlıqlar arasında resurslar üçün rəqabətlə nəticələnməyə meylli idi. Müxtəlif qoruyucu qruplar ehtiyacları və bütün icmaların işə cəlb edilməsini önə çəkmək əvəzinə öz maraqlarını ən üst səviyyəyə gətirməyə çalışdılar.”
 
Şuranın strategiyaları insanları təkcə müxtəlif kimliklərə bağlamadı, eyni zamanda onların güc və nüfuz uğrunda rəqibləri kimi digər qruplardan qorxmalarına və nifrət bəsləmələrinə səbəb oldu. Bir individualın kimliyi digər qruplardan olan insanların kimliklərindən fərqli şəkildə təsdiqlənməli idi: Birmingemdə banqladeşli olmaq həm də irlandiyalı, hindistanlı və ya afrikalı olmamaq demək idi. Bunun nəticəsi isə “plüral monokulturalizmin”, yəni cəmiyyətin fərqli, vahid mədəniyyətlərdən təşkil olması ilə bağlı yanlış düşüncə ilə yaranan strategiyanın yaranması oldu. Birmingemdə qaradərililərlə asiyalıların icmaları arasındakı bölünmələr icmalararası zorakılıq halları ilə nəticələndi.
 
Almaniyanın multikulturalizmə gedən yolu başlanğıc nöqtəsi eyni olsa da, Birləşmiş Krallıqdan fərqli oldu. Qərbi Avropanın bir çox ölkələri kimi Almaniya da II dünya müharibəsindən sonra işçi qüvvəsi qıtlığı ilə üzləşdi. Birləşmiş Krallıqdan fərqli olaraq, bura yeni işçilər keçmiş müstəmləkələrdən yox, birinci Yunanıstan, İtaliya və İspaniya, sonra isə Türkiyədən olmaqla Aralıq dənizi ətrafı ölkələrdən gəldilər. Bu işçilər eyni zamanda immiqrant kimi yox, vətəndaşlıq almaq ehtimalı yenə də az olan qastarbeyter (qonaq işçilər) kimi gəldilər və Almaniya iqtisadiyyatının onların xidmətlərinə artıq ehtiyacı qalmadıqda isə öz ölkələrinə qayıtmaları gözlənilirdi.
 
Ancaq zaman keçdikcə əksəriyyəti türk olan bu qonaqlar müvəqqəti zərurətdən daimi sakinə çevrildilər. Bunun bir səbəbi Almaniyanın onların xidmətindən asılı olmağa davam etməsi, digər səbəbi də immiqrantların və daha da çox uşaqlarının Almaniyanı özlərinə vətən hesab etmələri idi. Buna baxmayaraq, Almaniya dövləti onlarla xarici vətəndaş olaraq rəftar etməyə və vətəndaşlıq verməməyə davam etdi.
 
Almaniya vətəndaşlığı son vaxtlara qədər ius sanquini (jus sanguinis) prinsipinə əsaslanırdı. Yəni bir şəxsin vətəndaşlıq ala bilməsi üçün valideynlərindən biri mütləq Almaniya vətəndaşı olmalı idi. Bu prinsiplə təkcə ilk gələn immiqrantlar yox, onların Almaniyada doğulan uşaqları da vətəndaşlıqdan məhrum edildi. 1999-cu ildə vətəndaşlıq haqqında qəbul edilən yeni qanunla immiqrantların vətəndaşlıq alması asanlaşdı. Türklərin əksəriyyətinə isə yenə də vətəndaşlıq verilmir. Bu gün Almaniyada yaşayan üç milyon türkdən yalnız təxminən 800 mini vətəndaşlıq ala bilib.
 
Almaniya siyasətçiləri immiqrantlara bərabər münasibət göstərmək əvəzinə türklərin məsələsi ilə multikulturalizm strategiyası vasitəsilə məşğul oldular. Hökumət 1980-ci illərdən başlayaraq türk immiqrantları öz mədəniyyətlərini, dillərini və həyat tərzlərini qorumaları üçün dəstəklədi. Bu siyasət müxtəlifliyə hörmətdən daha çox ümumi, mədəni, irqi, etnik mənsubiyyətindən asılı olmayaraq hamının qəbul edildiyi mədəniyyətin necə yaradılması məsələsindən qaçış vasitəsini təmsil edirdi. Bunun əsas nəticəsi paralel icmaların yaranması oldu.
 
İlk gələn immiqrantların çoxu dindar deyildi, dindar olanların da nadir hallarda ifrat inanc və ibadətləri olurdu. Bu gün Almaniyada yaşayan yetkin türklərin, demək olar, üçdə biri müntəzəm olaraq məscidə gedir və bu göstərici Qərbi Avropa və hətta Türkiyənin bir çox yerlərində olduğundan daha yüksəkdir. Eyni şəkildə, ilk gələn türk qadınlar, demək olar, heç vaxt hicabdan istifadə etmirdilər, indi isə onların qızları hicab örtürlər. Milli cəmiyyətdə iştirak etmək üçün heç bir stimulu olmayan bir çox türklər alman dilini öyrənmək zəhmətinə də girmirlər.
 
Almaniyanın multikultural strategiyaları türklərin Alman cəmiyyətinə laqeydliklə yanaşmalarına səbəb olduğu kimi almanların da türklərə daha çox düşmənçilik bəsləmələrinə səbəb olub. Almanlığın nə demək olduğu ilə bağlı məşhur anlayışlara təcrid olunmuş immiqrant cəmiyyətinin dəyərləri və inanclarına qarşı tərif verilməyə başlanıb. Fransanın ictimai rəy sorğuları keçirən “Ifop” firmasının 2011-ci ildə apardığı sorğu göstərdi ki, almanların 40 faizi islam icmalarının öz milli kimlikləri üçün təhlükə yaratdığını düşünür. Almaniyanın Bielefeld universitetinin 2005-ci ildə keçirdiiyi başqa bir sorğu isə dörd almandan üçünün müsəlman mədəniyyətinin qərb dünyasına uyğun olmadığını düşündüyünü göstərdi. “Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı” və ya PEGIDA (ing. “Patriotic Europeans Against the Islamization of the West”) kimi müsəlmanlar əleyhinə yaradılan qruplar artmaqdadır və bütün ölkədə yanvar ayında keçirilən anti-immiqrasiya etiraz nümayişləri son vaxtların ən böyük nümayişləri olub. Merkel də daxil olmaqla, Almaniyanın bir çox siyasətçiləri anti-islam hərəkatına qarşı güclü mövqe tutublar.
 
Həm Birləşmiş Krallıq, həm də Almaniyada hökumət kimliyin mürəkkəbliyini, adaptasiya qabiliyyətini və davamlılığını görə bilmədi. Şəxsi kimliklər şəxsi yox, sosial əlaqələrdən yaranır və daima dəyişir.
 
Müsəlman kimliyi götürək. Bu gün Avropa ölkələrində müsəlman cəmiyyəti, onun görüşləri, ehtiyacları və istəkləri haqqında çox danışılır. Ancaq bu anlayış tamamilə yenidir. 1980-ci illərin sonuna qədər Avropaya gələn müsəlman immiqrantların çoxu özlərini heç bir yerə aid etmirdilər. Bunun səbəbi onların sayının az olması deyildi. Məsələn, Fransa, Almaniya və Birləşmiş Krallıqda Cənubi Asiya, Şimali Afrika və Türkiyədən gələn immiqrantların sayı 1980-ci illərdə olduqca çox idi və onların köklü icmaları var idi.
 
Şimali Afrikadan Fransaya gələn ilk immiqrantların çoxu Almaniyaya gələn ilk türklər kimi dindar deyildilər. Onlardan fərqli olaraq, II dünya müharibəsindən sonra Cənubi Asiyadan Birləşmiş Krallığa gələn ilk immiqrantlar dinə daha çox bağlı idilər. Bununla belə, onlar özlərini müsəlman olaraq yox, pəncablı və ya banqladeşli hesab edirdilər. Kişilərin çoxu spirtli içki qəbul edir, qadınlar isə nəinki burqa (pərəncə) və ya niqab, hicab da örtmürdülər. Nadir hallarda məscidə gedilirdi. Onların gözündə islam hər şeyi əhatə edən bir fəlsəfə deyildi. Onların inancı müqəddəs ictimai kimliyi yox, Allahla olan münasibətlərini müəyənləşdirirdi.
 
Müsəlman əsilli ikinci nəsil britaniyalılar arasında dini mənsubiyyəti görmək ehtimalı daha az idi. Milli azlıq icmaları daxilində dini təşkilatlar, demək olar ki, görünmürdü. İmmiqrantları bir araya gətirən təşkilatlar ilk növbədə dünyəvi və siyasi xarakter daşıyırdılar. Bunlara misal olaraq, Birləşmiş Krallıqda irqçiliklə mübarizə aparan Asiya Gənclər Hərəkatı ilə işçilərin əmək hüquqlarını əsas götürən Hindistan İşçilər Assosiasiyasını göstərmək olar.
 
Yalnız 1980-ci illərin sonunda mədəni fərqlər məsələsi əhəmiyyət kəsb etməyə başladı. Birinci nəsildən daha çox inteqrasiya etdiyi və qərbləşdiyi düşünülən bir nəsil öz fərqliliyini saxlamaqda təkid etdi. Bu dəyişikliyin mürəkkəb səbəbləri var: bu, qismən ötən yarım əsr ərzində solçuların tənəzzülü və kimlik siyasətinnin yüksəlişi kimi daha böyük sosial, siyasi və iqtisadi dəyişikliklərlə; qismən də 1979-cu il İran İnqilabı və 1990-cı illərin Bosniya müharibəsi kimi beynəlxalq hadisələrlə əlaqədardır. Bu hadisələrin hər ikisi də Avropada müsəlman kimlik anlayışının daha da yüksəlməsində önəmli rol oynayıb. Dəyişikliyin bir digər səbəbi də Avropanın multikultural strategiyalarıdır.
 
Multikultural strategiyalarla icma təşkilatları və liderlərinin vasitəçiliyini təmin etməklə dövlətlə etnik və mədəni azlıqlar arasında körpü yaradılmasına çalışılır. Siyasətçilər müsəlmanlara və digər azlıqlara vətəndaşlıq vermək əvəzinə bu azlıqların öz inanc və etnik icmalarına həqiqətən sadiq olduqlarını düşünməyə meyllidirlər. Əslində, hökumət öz siyasi məsuliyyətlərini azlıqların liderlərinə həvalə edir.
 
Bununla belə, belə liderlər nadir hallarda öz icmalarını təmsil edirlər. Bu isə təəccüb doğurmamalıdır: yalnız bir liderlər qrupu ağdərililərə mənsub vahid bir icmanı təmsil edə bilməzlər. Ağdərili avropalıların bəziləri mühafizəkar, bir çoxu liberal, digərləri isə kommunist və ya neofaşist olurlar. Onların bir çoxu öz maraqlarını sırf “ağdərili” biriylə bölüşmürlər. Məsələn, ağdərili bir xristianın qaradərili bir xristianla daha çox ortaq yönü olur, nəinki ağdərili bir ateistlə; ağdərili bir sosialist daha çox banqladeşli bir sosialistlə eyni düşünür, nəinki ağdərili bir mühafizəkarla və s.
 
Fransanın etnik və mədəni qrupların assimilyasiyası siyasəti, adətən, multikulturalizmin əks qütbü hesab olunur. Fransa siyasətçiləri isə bu fikri qəbul etmir. Fransa Avropanın digər ölkələrindən fərqli olaraq, hər bir şəxsə ayrı bir irqi, etnik və ya mədəni qrupun üzvü kimi yox, vətəndaş kimi münasibət göstərir. Əslində isə Almaniya və Birləşmiş Krallıq kimi Fransa da sosial baxımdan eyni formada parçalanıb.
 
Yanvar ayında Parisdə islamçıların “Charlie Hebdo” satirik jurnalına 12 nəfərin həlak olması ilə nəticələnən silahlı hücumundan və dörd nəfər yəhudinin qətlə yetirilməsindən sonra Fransanın sosial siyasəti və ölkədəki sosial parçalanmalar haqqında suallar diqqət mərkəzinə çevrilib. Fransanın siyasətçiləri uzun müddət Birləşmiş Krallıq daxilində cihadçıların yetişməsinə multikultural strategiyaların səbəb olduğunu deyiblər. İndi isə onlar bu cür terroristlərin niyə görə assimilyasiya siyasəti yürüdən Fransada yetişdiyi sualına cavab verməli oldular.
 
Çox vaxt Fransada beş milyona qədər müsəlmanın olduğu iddia edilir. Əslində, Fransanın bu qrupa salınan Şimali Afrika əsilli sakinləri heç vaxt vahid bir icma təşkil etməyiblər, ancaq yenə də dindar olmayıblar. Şimali Afrikadan gələn immiqrantların çoxu dindar olmamaqla yanaşı çox vaxt dinə düşmən münasibət bəsləyirlər. 2006-cı ildə “Pew Research Center (Pew Tədqiqat Mərkəzi)” tərəfindən verilən məlumatda göstərilirdi ki, Fransada yaşayan müsəlmanların 42 faizi özlərini ilk növbədə Fransa vətəndaşı kimi görür. Ancaq “Ifop” tərəfindən keçirilən sorğuya görə, bu gün belə 40 faiz müsəlman özünü dindar hesab edir və onların yalnız 25 faizi cümə namazlarına gedir.
 
Fransada yaşayan Şimali Afrika əsilli sakinlər də çox vaxt immiqrantlar kimi təsvir edilir. Fransada doğulmuş ikinci nəsil Fransa vətəndaşları üstünlük təşkil edir. Ancaq bu sakinlər üçün “müsəlman” və “immiqrant” sözlərinin istifadəsi təsadüfi deyil. Bu, dövlətin belə vətəndaşları Fransa ölkəsinin həqiqi bir hissəsi kimi yox, başqa bir qrupun tərkibi olaraq müəyyənləşdirməsi prosesinin bir hissəsidir.
 
Birləşmiş Krallıqda olduğu kimi II dünya müharibəsindən sonra Fransaya gələn ilk immiqrantlar irqçiliklə üzləşdilər, ikinci nəsil immiqrantlar isə sosial ayrı-seçkilik, işsizlik və polis şiddətini qəbul etmək istəmirdilər. Əsasən dünyəvi təşkilatlar vasitəsilə birləşərək etiraz nümayişləri üçün küçələrə axın etdilər. 20 il öncə Britaniya şəhərlərini bürümüş üsyanlar kimi bu etirazlar da 2005-ci ildə Fransa şəhərlərini bürüyərək cəmiyyətə böyük təsir göstərdi.
 
Fransanın rəhbər orqanları 1970 və 1980-ci illərin əvvəlində, azlıqlar daxilində çox az insanın öz kimliklərini mədəni və ya dini baxımdan bildirdiyi bir vaxtda mədəni və dini fərqlərə tolerantlıq göstərərək multikulturalizm mövqeyində nisbətən geri çəkildi. Hətta Fransa Prezidenti Fransua Mitteran le droit à la difference, yəni fərqli olma hüququ şüarını yaratdı. Şimali Afrika əsilli immiqrantların icmaları daxilində gərginlik artdığından və Milli Cəbhə siyasi bir qüvvə kimi ortaya çıxdığından, Paris bu yanaşmanı daha sərt mövqe ilə dəyişdi. 2005-ci il üsyanları və üsyanların yaratdığı narazılıq irqçiliyə qarşı cavabdan çox Fransa üçün islam təhlükəsinin böyüməsi demək idi. Mahiyyət etibarilə, Fransanın rəhbər orqanları Birləşmiş Krallığın multikultural yanaşmasından imtina etdilər. Əslində isə Şimali Afrikadan gələn immiqrantlar və onların övladları ilə “multikultural” yolla – vahid müsəlman icması kimi rəftar edildi. İslam haqqında narahatlıq Fransanın dəyərləri və kimliyi üzrə daha böyük böhranları əks etdirməyə başladı.
 
2013-cü ildə Fransanın tədqiqat qrupu “Ipsos” və Paris Siyasi Elmlər İnstitutunun Siyasi Tədqiqatlar Mərkəzi (CEVIPOF) tərəfindən keçirilən və haqqında çox müzakirələr gedən rəy sorğusu göstərdi ki, Fransa əhalisinin 50 faizi ölkənin iqtisadi və mədəni tənəzzülünün labüd olduğunu düşünür. Əhalinin üçdə birindən azı Fransa demokratiyasının yaxşı işlədiyini, 62 faizi isə əksər siyasətçilərin rüşvətxor olduğunu düşünür. Sorğunu keçirən qurumların məlumatı Fransanın qəbilə xətləri üzrə bölündüyünü, ümumi siyasi fəaliyyətdən uzaqlaşdığını, milli liderlərə etibar edilmədiyini və müsəlmanların incidildiyini və qəzəbləndirildiyini göstərdi. Məlumatın sonunda Fransa cəmiyyətini idarə edən əsas hissin “qorxu” olduğu deyilirdi.
 
Birləşmiş Krallıqda multikultural strategiyalar bir vaxtlar daha çox parçalanmış cəmiyyətin və ya bu cəmiyyətin mənbəyi kimi qəbul edilirdi. Paradoks ondan ibarətdir ki, Fransada da assimilyasiya strategiyaları eyni nəticəni verdi. Etimadı qalmayan və nəzarətdən çımış cəmiyyətlə üzləşən siyasətçilər ümumi Fransa anlayışını bərpa etməyə çalışdılar. Ancaq ölkəni xarakterizə edən ideya və dəyərlərin açıq şəkildə müəyyənləşdirə bilməmələri ilə əcnəbilik simvollarına qarşı düşmənçilik yaratmaqla bunu etdilər. Buna misal olaraq 2010-cu ildə burqa geyilməsinin qadağan edilməsini göstərmək olar.
 
Fransanın siyasəti Şimali Afrikadan gələn immiqrantları tam vətəndaş kimi qəbul etmək əvəzinə üzləşdikləri irqçilik və diskiriminasiyanı çox vaxt gözardı etdi. Fransada bir çoxları Şimali Afrika əsilli vətəndaşlara fransız kimi yox, ərəb və ya müsəlman kimi baxır. Ancaq ikinci nəsil Şimali Afrika immiqrantları daha geniş Fransa cəmiyyətinə mənsub olduqlarından çox vaxt valideynlərinin mədəniyyəti və adət-ənənələrindən, eləcə də, islamdan uzaqlaşırlar. Onlar iddia edildiyi kimi iki mədəniyyət arasında qalmayıblar. Nəticədə isə onların bəziləri islamçılığa yönəlib, bəziləri isə cihadçı zorakılıqla yeni başlamış qəzəblərini ifadə ediblər.
 
Eyni zamanda Fransanın assimilyasiya strategiyaları ənənəvi fəhlə sinfində təcrid olduqları hissini kəskinləşdirib. Sosial coğrafiyaçı Kristof Qilli (Cristophe Guilluy) “sənayesizləşdirmə və şəhər mərkəzlərində elita tərəfindən təcrid edilən”, sosial mühitə inteqrasiya etməyən, iqtisadi və qərarverici mərkəzlərdən uzaq düşən və beləliklə, təcrid olunduqlarını hiss edən insanları təsvir etmək üçün “periferik Fransa” (peripheral France) birləşməsini yaradıb. Periferik Fransa, əsas etibarilə, iqtisadi və siyasi hadisələr nəticəsində yaranıb. 2013-cü ildə Ipsos-CEVIPOF tərəfindən keçirilən sorğuya əsasən, on nəfərdən yeddisi “Fransada həddən artıq çox əcnəbi” olduğunu, əhalinin 74 faizi isə islam dininin Fransa cəmiyyətinə uyğun olmadığını düşünür. İslam dininin Fransanın dəyərləri üçün təhlükə kimi təqdim edilməsi təkcə mədəniyyətin siyasi rolunu gücləndirməyib, eyni zamanda xalqın ümumi siyasətdən narazılığını artırıb.
 
İstər Şimali Afrika əsilli immiqrantlara, istərsə də ağdərili fəhlə sinfinə məxsus icmalar daxilindəki narazılıq birbaşa siyasi tədbir görülməsinə səbəb ola bilərdi. Bu gün isə hər iki qrup kimlik siyasəti vasitəsilə öz şikayətlərini bildirir.
 
Multikulturalizm və assimilyasiya eyni problemin – cəmiyyətin parçalanmasının həlli üçün irəli sürülən müxtəlif strategiyalardır. Ancaq bu strategiyaların hər ikisi vəziyyəti daha da pisləşdirdi. Ona görə də, artıq bu iki yanaşma arasında heç bir nəticə verməyən müzakirələri dayandırıb daha çox iş görmək vaxtıdır. Bu isə üç növ fərqlilik edilməsini tələb edir.
 
Birincisi, Avropa yaşanmış bir təcrübə kimi sosial müxtəlifliyi siyasi bir proses kimi multikulturalizmdən ayırmalıdır. Kütləvi immiqrasiya nəticəsində yaranan sosial müxtəliflik qəbul edilməlidir.
 
İkincisi, Avropa irqçiliyi görməzdən gəlməməlidir. Assimilyasiya üsulu ilə hər bir kəsə xüsusi irqi və ya mədəni tarixin daşıyıcısı kimi tox, bərabərhüquqlu vətəndaş kimi münasibət göstərilməsi dəyərlidir. Ancaq bu, o demək deyil ki, dövlət xüsusi qruplara qarşı diskriminasiyanı gözardı etməlidir. Əgər müxtəlif təbəqədən olan vətəndaşlara istər multikultural strategiyalar, istərsə də irqçiliyə görə müxtəlif münasibət göstərilirsə, vətəndaşlığın heç bir mənası yoxdur.
 
Son olaraq, Avropa xalqlar və dəyərləri fərqləndirməlidir. Multikulturalizm tərəfdarları iddia edirlər ki, sosial müxtəliflik ümumi dəyərləri tükədir. Assimilyasiya tərəfdarları da eyni şəkildə bu dəyərlərin yalnız mədəni və etnik cəhətdən homogen cəmiyyət daxilində mümkün olduğunu bildirirlər. Hər iki qrup azlıq icmalarını müasir demokratiyanın tərkib hissələri olaraq yox, xüsusi mədəni xüsusiyyətləri, inancları və dəyərləri olan qrupa bağlı olduqlarını düşünürlər.
 
Avropa daha da irəli gedərək liberalların müxtəlif yollarla da olsa, unutduqları ümumbəşəri dəyərlər anlayışını yenidən kəşf etməlidir. Bir tərəfdə ümumbəşəri dəyərlərin müəyyən mənada irqçi xarakter daşıdığını iddia edərək relativizm (nisbilik yanaşması) və multikulturalizmi birləşdirən solçular qrupu, digər tərəfdə isə maarifçilik dəyərlərinin qorunmasını təkid edən, lakin bunu qəbilə üsulu ilə edən qruplar var. Bu isə sivilizasiyaların toqquşması ehtimalını yüksəldir. Fransanın assimilyasiya siyasətini yürüdənlər bu qəbildən olan insanlara filosof Bernard-Anri Levini nümunə göstərirlər.
 
Avropada istiqamətverici fikirlərdən biri də o olub ki, immiqrasiya və inteqrasiya dövlət strategiyaları və qurumları tərəfindən idarə edilməlidir. İstər immiqrantların, istərsə də yerli qrupların real inteqrasiyası isə dövlətin fəaliyyətində nadir hallarda öz əksini tapıb; inteqrasiyanı başlıca olaraq vətəndaş cəmiyyəti, insanların bir-birlərilə qurduqları əlaqələr və onların ortaq siyasi və sosial maraqlarını genişləndirmək üçün qurduqları təşkilatlar formalaşdırır. Problem yaradan isə belə əlaqələrin pozulması və qurumların tükənməsidir. Bu da assimilyasiya strategiyasının uğursuzluqlarını multikulturalizmin uğrusuzluqları ilə əlaqələndirir və sosial əlaqələrin niyə görə təkcə immiqrant icmalarında yox, eyni zamanda cəmiyyətin böyük hissəsində pozulmasını izah edir. Bunun nəticəsində yaranan zərəri bərpa etmək və ümumbəşəri dəyərlərin canlandırılması üçün Avropanın yeni dövlət strategiyalarına yox, vətəndaş cəmiyyətinin yenilənməsinə ehtiyacı var.
 
4npress.com