Mədəniyyət

Multikulturalizm Mərkəzində Novruz bayramı qeyd edilib

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Martın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunan tədbir keçirilib.


Mərkəzin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, bayram tədbirində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən 20-dən çox milli və dini icmanın rəhbərləri və üzvləri, AMEA-nın, Bakı Slavyan Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri iştirak ediblər.


Mərkəzin icraçı direktoru Azad Məmmədov, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Provoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev, Gürcü Yəhudiləri Bakı dini icmasının nümayəndəsi Moisey Bekker və Mədəniyyətlərarası Təhsil üzrə Avropa Şəbəkəsinin vitse-prezidenti Svetlana Kurteş tədbirdə çıxış ediblər. Qonaqlar multikulturalizmin Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, hər bir kəsin həyat tərzi olduğundan danışıb, müxtəlif dinlərə, irqlərə və xalqlara mənsub olmalarına baxmayaraq Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur duyduqlarını və dövlətə xidmət etdiklərini bildiriblər.


Novruz şənliyinin bədii hissəsində bolqar icmasının nümayəndələri Səməd Vurğunun Azərbaycan şeirini bolqar və Azərbaycan dillərində səsləndirib və müxtəlif mahnılar oxuyublar. Tatar icmasının nümayəndələri isə Novruz bayramına aid tatarca mahnılar ifa ediblər.