Şou

“Muğam aləmi” simpoziumu başa çatdı

Metbuat.az

Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən “Muğam aləmi” dördüncü beynəlxalq musiqişünaslıq simpoziuma martın 14-də də yekun vurulub.



ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, simpoziumun sonuncu günündə “Muğam dəstgahların notlaşdırılması problemi” və “Muğam/Maqam: ənənə və yenilikçilik” mövzularını əhatə edən bölmələr türkiyəli doktor Okan Murat Öztürkün sədrliyi ilə keçirilib.



Bölmədə Rusiyanın Voronej Dövlət Universitetinin doktoru Dmitri Dorofeyevin “Neytral intervalların” maqam musiqisində tarixi: matematik aspekt”, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi İmina Əliyevanın “Azərbaycan məqamlarının intonasiya sistemi (koqnitiv yanaşma)”, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudovanın “Azərbaycanda müasir dövrdə muğam sənətinin inkişafında televiziya muğam müsabiqələrinin rolu” mövzularında məruzələri dinlənilib.



Tədbirdə əməkdar incəsənət xadimi Munis Şərifovun bədii rəhbərliyi ilə Azərbaycan qədim musiqi alətləri ansamblı çıxış edib.



Günün ikinci yarısında simpozium Okan Murat Öztürkün sədrliyi ilə “Əbdülqadir Marağai (1353-1435) və onun musiqi-nəzəri irsi: Muğam/Maqam tarixinin önəmli tədqiqat mənbəsi” mövzusunda panellə davam etdirilib.



Sonda “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının bədi rəhbəri Firəngiz Əlizadə və “Muğam aləmi” dördüncü beynəlxalq musiqişünaslıq simpoziumunun elmi rəhbəri Suraya Ağayevanın rəhbərliyi ilə “dəyirmi masa” keçirilib.



“Dəyirmi masa”da üç günlük sipmozium ərəfəsində dinlənilən məruzələr ətraflında geniş fikir mübadiləsi aparılıb.



Sonda iştirakçıların adından bəyannamə qəbul olunub. Bəyannamədə iki ildən bir keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının mühüm əhəmiyyətindən, geniş coğrafi ərazidə yayılmasından və festival çərçivəsində keçirilən simpozium və gənc ifaçıların muğam müsabiqəsinin əhəmiyyəti vurğulanıb.



Qeyd edilib ki, simpoziuma toplanan alimlərin qarşısında duran əsas vəzifələrdən biri də muğamın tətbiqi, təhlili və gələcək nəsillərə çatdırılmasını istiqamətində birgə səyləri gücləndirməkdir.



“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalına martın 18-də yekun vurulacaq.

Mənbə
ANS PRESS