Mədəniyyət

“Muğam aləmi” dördüncü beynəlxalq musiqişünaslıq simpoziumu davam edir

Metbuat.az

Bakı, 13 mart

AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqında “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində “Muğam aləmi” dördüncü beynəlxalq musiqişünaslıq simpoziumu martın 13-də öz işini bölmə iclasları ilə davam etdirib.


AZƏRTAC

xəbər verir ki, “Muğam/Maqam: Ənənə və yenilikçilik” mövzularını əhatə edən bölmə iclasında yerli və xarici ölkələri təmsil edən alimlərin məruzələri dinlənilib və geniş fikir mübadiləsi aparılıb.


İclası giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə festival çərçivəsində reallaşan tədbirlər haqqında təəssüratlarını bölüşüb, muğam və caz konsertlərinin xarici və yerli qonaqlar tərəfindən xüsusi maraqla qarşılandığını bildirib.


Tədbirdə UNESCO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq Şura”sının (İCTM) üzvü Araş Mohafezin “Qədim repertuarın yeni yozumu: “Əcəmlər” albomunun yaradılması haqqında”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadovanın “Azərbaycan “xanəndə” ifaçılıq sənəti tarixi keçmişdə və onun inkişafının müasir meyilləri”, Malayziyanın Putra Universitetinin professoru Gisa Yanihenin “Varisan Bintan: Muğam vizual irsdə” və başqa mövzularda məruzələr dinlənilib.


Məruzələrdə muğamın tarixi keçmişi, bugünki inkişaf mərhələləri, yayıldığı coğrafi ərazi, elmi təhlili, bir sənət növü olaraq insanlara verdiyi mənəvi zövq və digər məsələlər geniş təhlil olunub.


Simpozium işini bölmə iclasları ilə davam etdirir.