Sosial

Müəllimliyi dəmirçiliyə dəyişdi - FOTO

Metbuat.az
Rəşad Qarayev müəllimliyi dəmirçiliyə dəyişib

Qədim el sənəti kimi formalaşaraq bu günümüzədək yol gələn dəmirçilik kənd həyatında, təsərrüfat işlərində mühüm əhəmiyyətə malikdir. Məişətdə istifadə etdiyimiz dəmirdən hazırlanan bir çox əşyalar, evimizin damlarına quraşdırılan tüstüçıxaran borular məhz bu peşə sahiblərinin əllərinin zəhmətidir. Düzdür, hər peşənin, hər sənətin öz çətinlikləri, öz çıxmazları var. Səmimi desək, xüsusilə isti havalarda dəmir əritmək hər kəsin bacaracağı iş deyil. Belə zəhmətli işin öhdəsindən gələn gənc sənətkarlarımızdan biri də Rəşad Qarayevdir.



Ali təhsilli dəmirçi

Müsahibimiz 1985-ci ildə Oğuz rayonunda anadan olub. Gəncə Dövlət Universitetinin “Ümumi texniki fənlər və peşə təlimi” fakültəsini bitirməsinə baxmayaraq, Rəşad dəmirçi kimi fəaliyyət göstərir. O, öz peşəsini o qədər çox sevir ki, hətta atası oğlunun dəmirçi olmasını istəməsə də, Rəşad universiteti bitirdikdən sonra bu peşə ilə peşəkar şəkildə məşğul olur. Dəmirçiliyə maraq göstərməsini belə xatırlayır: “Bir gün dərs bitdikdən sonra universitetdən evə gedirdim. Dəmirçi sexinin qarşısından keçərkən vitrində dəmirdən bəzədilmiş əl işi diqqətimi çəkdi. Xüsusilə dekorun üstündə olan buta formalı naxışlar, milli adət-ənənəni yaşadan elementlər məni bu əl işini daha da yaxından incələməyə sövq etdi. Dekorun necə hazırlanması ilə tanış olmaq üçün emalatxanaya daxil oldum. Əslində satış üçün nəzərdə tutulmayan, reklam xarakteri daşıyan bu ecazkar dekor mənim peşəmi seçməyimə səbəb oldu və dəmirçi olmağa qərar verdim”.



Elə həmin gündən bu sənətin sirlərini öyrənməyə başlayan müsahibimiz söhbətinə belə davam edir: “Ustama bu işi necə istədiyimi izah etdim və bu çətin peşənin incəliklərini mənə öyrətməsini xahiş etdim. Beləliklə, hər gün universitetdən çıxıb sexə gedir, axşama qədər orada olurdum. Bilirsiniz ki, hər tələbənin pula ehtiyacı olur. Bu, mənə həm maddi, həm də mənəvi cəhətdən rahatlıq verirdi. Universiteti bitirənə qədər Gəncədə həmin dəmirçi sexində həm işləyir, həm də öyrənirdim”.



“Öz işimi özüm qurdum”

Tələbəlik müddətində dəmirçiliklə məşğul olan həmsöhbətimiz ali təhsilini bitirəndən sonra da öz peşəsinə sadiq qalıb. Hərbi xidmətini başa vurub, həvəslə öyrəndiyi bu sənətlə artıq peşəkar şəkildə məşğul olmağa başlayıb. Gənc dəmirçi deyir ki, ailəsi dəmirçi olmağına qarşı çıxsa da, fikrindən dönməyib: “Əsgərlikdən qayıtdıqdan sonra öyrəndiyim və sevdiyim işi tətbiq etməyə qərar verdim. Ziyalı ailəsində doğulduğum üçün ailəm istəyirdi ki, ixtisasım üzrə karyeramı qurum və müəllim olum. Lakin mən fikrimdə qəti idim. Hələ universitetdə təhsil alarkən müəllim ola bilməyəcəyimi anlamışdım. Oğuzda yer götürdüm və sex tikdirmək qərarına gəldim. Öz işimi özüm qurdum. Bu işin həm nökəri, həm də ağası oldum”.



“Sənət gələcəyin sərmayəsidir”

Müasir texnika və texnologiyaların məişətə və istehsalata dərindən təsir və nüfuzu təbii ki, bir sıra sənət növlərini sıradan çıxarıb. Lakin elə sənət növləri var ki, onlar öz vacibliyini qoruyub saxlamaq gücünə malikdir. Belələrinin sırasına daxil olan dəmirçilik bu gün də qədimliyi ilə öz dəyərini və əhəmiyyətini saxlamaqdadır. Gənc dəmirçi deyir ki, texnologiyanın inkişafı onun gəlirlərinə mane olmayıb: “Texnologiya nə qədər inkişaf etsə də, əl əməyinin yerini heç nə vermir. Biz bu emalatxanada zəhmət çəkirik və zəhmətimizin bəhrəsini görürük. İşimizin ən çətin vaxtı qış aylarına rast gəlir. Çünki bu fəsildə sifarişlər azalır. Amma nə qədər azalsa da, çörək pulumuzu çıxara bilirik”.



“Dəmirçi olsan da, savadın olmalıdır”

Sənətinin vurğunu olan gənc dəmirçi deyir ki, gördüyü işdən qürur duyur. Ustanın sözlərinə görə, ali təhsil alması bu işdə uğur qazanmasına çox kömək olub: “Bəzi insanlar düşünür ki, 4 il boş-boşuna oxuyub vaxt itirmişəm. Amma mən elə düşünmürəm. Dəmirçi də savadlı olmalıdır ki, insanlarla ünsiyyət qura bilsin. İstər sənətkarlıqda, istərsə digər peşələrdə dünyagörüşünün olması çox önəmlidir. Öz işlərimlə fəxr edirəm. Gördüyüm işlərə baxanda onlarla qürur duyuram. İnsanın sənət bilməsi çox gözəldir. Kimdənsə asılı olmursan, ac qalmırsan. Sənət bilmək insanın gələcəkdə ən böyük sərmayəsidir”.



Sənətinin müsbət və mənfi tərəflərindən danışan müsahibimizin sözlərinə görə, dəmirçilik sənətinin sirləri bitmir. O deyir ki, hələ tələbəlik dövründən bu sənəti öyrənsə də, bu sahədə bilmədiyi çox şey var: “Yaxşı dəmirçi ola bilmək üçün insanda güclü səbr və bacarıq olmalıdır. Həmçinin rəssamlıq qabiliyyəti olmayan insan bizim işlərimizi görə bilməz. Bəzən dəmirlərə bəzək, naxış vururuq. Güclü fantaziyan olmalıdır ki, o naxışı yarada biləsən. Sənətin çətin tərəfləri isə dəmiri döyərkən çıxan səs və kaprizli müştərilərdir. Balaca emalatxanada o qədər səs olur ki, buna hər insan dözə bilməz. Amma nə qədər çətinliyi olsa da, mən bu işi görməkdən zövq alıram”.



Nisyə dəftərin var?

Həmsöhbətimiz iş zamanı başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü. Rəşad deyir ki, onların işində maraqlı hadisələr ərköyün müştərilərlə bağlı olur: “Bir gün bir müştəri seximizə gəldi və gördürəcəyi işi ətraflı şəkildə izah etdi. Müştəri özündən o qədər əmin danışır və o qədər sifariş verirdi ki, ilk baxışdan biz də təəccübləndik. Söhbət qiymət məsələsinə gəldikdə, işlər dəyişdi. Qiyməti maksimum dərəcədə endirməyi xahiş etdi. Biz də öz növbəmizdə metrəsi iki manat əlli qəpiyə olan bəzəyi iki manata razılaşdıq. Mallar əməkdaşlarımız tərəfindən yük maşınlarına yığılanda müştəri ödənişi hələ etməyəcəyini, el arasında çox yayılan metod olan nisyədən istifadə edəcəyini bildirdi. Müştərilərin ən sevimli sualı isə: “Sənin nisyə dəftərin yoxdur? Yaz, sonra verərik”, - olur.



Sonda gənc dəmirçi üzünü övladlarını ali təhsil almağa məcbur edən valideynlərə tutaraq bildirdi ki, övladlarına sənət seçməkdə azadlıq versinlər: “Düşünürəm ki, ali məktəb oxumadan sevdiyi işlə məşğul olan peşəkar insan onlarla universitet oxuyan savadlı insandan daha yaxşı yaşaya bilər”.



Kaspi.az