Moskvadakı Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Mərkəzinin rəhbərliyi qadınlar təbrik edilib
Moskva, 10 mart,
AZƏRTAC.
Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Moskvada yaşayan azərbaycanlı, eləcə də digər millətlərdən olan qadınların iştirakı ilə bayram proqramı təşkil edib.
Mərkəzin rəhbəri Mehman Şükürov gecəni açaraq Azərbaycan qadının tarixi missiyasından, cəmiyyətin formalaşmasın və inkişafındakı rolundan danışıb.
Tədbirdə Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Bella Musayeva, Moskvadakı general Kərim Kərimov adına Azərbaycan etnomədəni komponentli orta ümumtəhsil məktəbinin direktoru Elmira İsmayılova, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndəsi İlahə Ələkbərova və başqaları çıxış edərək müasir cəmiyyətdə qadınların mövqeyindən söhbət açıblar.
Vurğulanıb ki, bu gün Azərbaycan cəmiyyətində qadının tutduğu mövqe ilə haqlı olaraq fəxr etmək olar. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il İstiqlal Bəyannaməsi ilə qadınlara seçmək və seçilmək hüququ verdi. XX əsrin əvvəllərində təhsil almaq imkanı əldə edən azərbaycanlı qadınlar yalnız orta təhsildə deyil, həm də ali təhsildə gender bərabərliyinə nail oldular. Bu gün qadınlarımız idarəetmə, hüquq və məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Onlar ölkə üzrə məktəb müəllimlərinin 71, həkimlərin 61, elmi işçilərin isə 50 faizini təşkil edirlər.
Bayram gecəsinin sonunda qonaqlara maraqlı konsert proqramı təqdim edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva