Mətbəx sirləri: Əlinin anası bişirdi - FOTO
Tərkibi:
1 kq hazır qat-qat xəmir
1,5 l süd
200 ml yağlı qaymaq
50 q qoz
3 x.q. kokos yonqarı
6 x.q. şəkər tozu
20 q kərə yağı
1 paket vanil
Qat-qat xəmiri un səpilmiş masada nazik yayın.
Formaya perqament döşəyin, xəmiri üstünə salın, bir neçə yerdən çəngəlləyin, 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə, qızılı rəng alanadək bişirin.
Südlə şəkəri qaynadın, vanilli şəkəri əlavə edin.
Soyudulmuş qaymağı möhkəm çalın. Yenidən soyuducuya qoyun.
Korjları əlinizlə parçalayın, çox xırda olmasın.
Deserti bişirəcəyiniz formaya yığın.
Qozu bıçaqla xırdalayın. Müxtəlif quru meyvələrdən - fındıq, badam və s. və onların qarışığından, həmçinin kişmiş də istifadə etmək olar.
Üzərinə kokos yonqarı səpin.
Qaynar südü üzərinə tökün. Südün qədəri özünüzdən asılıdır, lap yumşaq, pudinq kimi desert alınmasını istəyirsinizsə, 2 l süd götürün. Bir az quru olmasını istəyirsinizsə, məsələn, azca napoleon tortuna oxşasın deyə 1 l götürə bilərsiniz.
Yaxşı hopsun deyə südü iki dəfəyə tökün. Yarısını tökün, çömçənin köməyilə korjların tam islanmasına çalışın. 5 dəqiqə sonra südün qalanını tökün.
Yağı xırda doğrayıb desertin üzərinə paylayın.
Qaymağı soyuducudan çıxarın, desertin üzərinə yayın.
200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Çalışın, desert çox qurumasın.
Otaq temperaturunda soyudun, sonra soyuducuya qoyun.
Süfrəyə soyuq verin.
Nuş olsun!
Milli.Az