Sosial

Mətbəx sirləri: Balıq və toyuq ləvəngisi, kükü

Metbuat.az
Milli.Az Kəpəz televiziyasına (Region TV) istinadən Lənkəran bölgəsinin ən gözəl təamlarının hazırlanma qaydasını təqdim edir.

Balıq ləvəngisi



Tərkibi:

1 iri kütüm


1 iri baş soğan


300 q qoz ləpəsi


1 ç.q. zəncəfil


2 x. q. palçıq turşusu


istiot və duz.



Balığın pulcuqlarını təmizləyin, içalatını çıxarın. Balığı yuyub yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın.



Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keçirin. Bir qabda soğanı, qozu, zəncəfili, palçıq turşusunu və zövqə görə duz-istiotu qarışdırın.



İçi balığa doldurub tikin. Ya sobada, ya da təndirdə bişirin.



Toyuq ləvəngisi



Tərkibi:

1 toyuq


3 baş soğan


1,5 st. qoz ləpəsi


3 x.q. alça turşusu


duz, istiot



Soğanı ət maşınından keçirin. Təmiz parçaya soğanı töküb sıxıb, acı suyunu çıxarın. Qozu qozçəkən maşından keçirin. Soğanla qozu qarışdırın. Kütləyə duz, istiot və turşunu əlavə edib yaxşı qarışdırın. Duz və istiotu zövqə görə götürün. Toyuğun üstünə, içini duz, istiot və turşu çəkin. Hazır içliyi toyuğun içinə yığın. Toyuğun ayaqlarını çəpinə bir-birinə keçirdin. Aralı qalıb içlik axmasın deyə sap ilə qalan yerləri tikin. Tavaya yağ töküb, toyuğu qoyun. 150 dərəcə qızdırılmış sobada tam bişənə qədər qızardın. Hazır ləvəngini şəraitə görə təndirdə də bişirmək olar.



Göy küküsü



Tərkibi:

keşniş


şüyüd


sarımsaq


nanə


yumurta


bitki yağı


duz, istiot



Keşniş, şüyüd, sarımsaq və nanəni yuyub, xırda doğrayın, üzərinə istiot, duz və yumurta əlavə edib çalın.



Tavada yağı qızdırın, göyərti ilə çalınmış yumurtanı tökün, üstünü hamarlayın.



Yumurta bərkidikdən sonra kükünü iki və ya dörd hissəyə bölüb çevirin, digər üzü də qızarsın. Süfrəyə verdikdə üzərinə yağ tökün və yanına qatıq qoyun.



Nuş olsun! 



Milli.Az