İqtisadiyyat
Lifli sement lövhələrin istehsal üçün zavod tikilir
Bakı, 16 mart,
AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyəti lifli sement lövhələri istehsal edəcək. Bu məqsədlə ildə 6 milyon kvadrat metr fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavodun inşasına başlanılıb. Ən müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz olunacaq zavodda 150-200 nəfərin işləyəcəyi nəzərdə tutulur.
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən
AZƏRTAC-a məlumat verilib.
Bildirilir ki, istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. Yeni müəssisənin layihələndirilməsi, müasir texnologiyalarla təchiz edilməsi işləri Avstriyanın “MFL” şirkətinə həvalə edilib.