Kinorejissor Nikita Mixalkov Bakıda gənc kinematoqrafçılarla təcrübəsini bölüşəcək
Bakı, 30 mart,
AZƏRTACMartın 31-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Bakıya gələcək. Qısamüddətli səfər zamanı Rusiya kinosunun ən böyük simalarından olan, “Beş gecə”, “Piano üçün yarımçıq qalmış pyes”, “Oblomovun həyatından bir neçə gün”, “Şahidlərsiz”, “Qara gözlər”, “Urqa”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri”, “12”, “Günvurma” və bir çox başqa filmlərin müəllifi Nikita Mixalkov azərbaycanlı həmkarları ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılacaq, paytaxtımızla tanış olacaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən
AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Kann, Venesiya kimi dünyanın ən nüfuzlu kino festivallarının qalibi, “Oskar” mükafatı laureatı Nikita Mixalkovun gənc kinematoqrafçılar üçün ustad dərsi təşkil olunacaq.