İstanbulda bütün türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
İstanbul, 23 mart,
AZƏRTACİstanbulun Bakırköy rayonunun mərkəzi meydanında Novruz bayramı münasibətilə şənlik keçirilib.
TÜRKSOY, Avrasiya Türk Dərnəkləri Federasiyası, Azərbaycan Mədəniyyət Evi Dərnəyi, Bakırköy Türk Ocağı, Bakırköy bələdiyyəsi və digər ictimai təşkilatlar tərəfindən təşkil edilən şənlikdə bütün türk xalqlarının təmsil olunduğu ayrı-ayrı bölmələrdə Novruza dair mətbəx nümunələri, el adətləri, maraqlı konsert proqramları nümayiş etdirilib. Bölmələri təmsil edənlər bir-birilərinə bayram xonçaları hədiyyə ediblər. İştirakçılara bayram sovqatları paylanıb.
Azərbaycan bölməsində möhtəşəm konsert proqramı olub. Aşıq qrupları, estrada müğənniləri və xanəndələr Azərbaycan xalqının qonaqpərvərliyinə, Vətənimizin gözəlliyinə, qədim adət-ənənələrimizə həsr olunan mahnılar ifa ediblər.
Tədbirin təşkilat komitəsindən
AZƏRTAC-a verilən məlumata görə ki, Türkiyədə ilk dəfə olaraq iyirmidən artıq qurum bir araya gələrək ortaq Novruz şənliyi təşkil edib.
Novruz tonqalı ətrafına toplaşan insanlar birlik və sülh rəmzi olan müxtəlif şüarlar səsləndiriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul