Mədəniyyət

İsraildə Novruz şənlikləri bir həftə davam edəcək

Metbuat.az

Bakı, 21 mart,

AZƏRTAC

İsrailin Azərbaycan icması illər boyu yaranmış ənənəyə sadiq qalaraq bu il də öz sevimli Novruz bayramını qeyd edir. Həmişə olduğu kimi, Azərbaycandan gələnlər bu günü səbirsizliklə gözləyib və ona əsaslı surətdə hazırlaşıblar. Gecə-gündüzün bərabərləşdiyi yaz günündə İsrailin “Reşet Bet” əsas radiosunun canlı efirində “Kol şişi im Yaron Enoş” (Hər cümə Yaron Enoşla) populyar proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyası (Azİz) idarə heyətinin üzvü Yeganə Salman ölkəmizdə baharın qarşılanmasının qədim ənənəsindən danışıb. Aparıcı Yaron Enoşun Novruz bayramının tarixi və atributları barədə suallarına Yeganə Salman Azərbaycanda baharın gəlişinin bayram edilməsinə dair ətraflı məlumat verib. Yaron Enoş Azərbaycandan gələnlər icmasının öz ənənələrini sevməsinə və qiymətləndirməsinə, gələcək nəslə ötürməsinə çox heyrətlənib və belə gözəl bayramı heç olmasa bir dəfə öz gözləri ilə görmək arzusunu bildirib.


Martın 20-də axşam Azərbaycandan gələnlər və digər icmaların qonaqları “Azİz” Beynəlxalq Assosiasiyası yanında Azərbaycan Mədəniyyət Mərkəzinin Xadera şəhərində təşkil etdiyi bayram tədbirinə toplaşıblar. Qeyd edək ki, Azərbaycandan gələnlərin çoxsaylı icması bu şəhərdə yaşayır. Həmin axşam Xaderaya İsrailin ən müxtəlif şəhərlərindən Azərbaycanı və Novruz bayramını həmişə əziz tutan adamlar yığışıblar.


Masaların üstündə səməniləri, güllərdən bəzədilmiş Azərbaycan bayrağını, milli mətbəximizin xörəklərini və Şərq şirniyyatlarını görmək olardı. Şux musiqi və Qafqaz rəqsləri həmişə olduğu kimi bayram əhval-ruhiyyəsi yaradıb və tədbiri yaddaqalan edib. İsrail Yazıçılar İttifaqının üzvü, şair və musiqiçi Hikmət Sabir nağarada virtuoz ifası ilə qonaqları şadlandırıb.


Bayram tədbirləri sonrakı günlərdə də davam edəcək və martın 27-də Afulanın mərkəzi meydanında ümumxalq gəzintisi ilə başa çatacaq.