Hər oxuyan Molla Pənah olmaz
Ekspertlər hesab edir ki, yaradıcılıq potensialı və qabiliyyəti jurnalistikada ən vacib şərtlərdən biridir
Mart ayının 19-dan 29-a kimi ali məktəblərin “Jurnalistika” fakültələrinin magistr pilləsində təhsil almaq istəyən və 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50-dən yuxarı bal toplayan bakalavrların qeydiyyatı aparılacaq. Maraqlı məqamlardan biri budur ki, imtahanının birinci mərhələsində 50-dən çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün şəxslər bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, magistr pilləsindəki təhsillərini “Jurnalistika” ixtisası üzrə davam etdirə biləcəklər.
Bu proseslərin iştirakçısı olan Azərbaycan Mətbuat Şurası (MŞ) da artıq bir sıra hazırlıqları başa çatdırıb. Şuranın Qabiliyyət İmtahanı Komissiyasının üzvləri müəyyənləşdirilib və yaxın günlərdə həmin ekspertlərin siyahısı, həmçinin onlarla bağlı zəruri məlumatlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim ediləcək. “Jurnalistika” ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmək istəyənlər məhz həmin ekspertlər qarşısında qabiliyyət imtahanı verəcək, müsahibəyə cəlb olunacaqlar. Bu sınaqdan da uğurla keçənlər “Jurnalistika” ixtisası üzrə magistr adını qazana biləcəklər.
Bununla bağlı fikirlərini “Kaspi”yə bölüşən MŞ-nın sədri
Əflatun Amaşovbildirib ki, əvvəllər yalnız humanitar sahələr üzrə ali təhsil alan şəxslər magistr pilləsindəki təhsilini “Jurnalistika” ixtisası üzrə davam etdirə biliblər. Lakin ötən ildən bu məhdudiyyət aradan qaldırılıb. Artıq bakalavr təhsili olan istənilən şəxs magistr təhsilini “Jurnalistika” ixtisası üzrə davam etdirə bilər: “Bakalavr təhsili olan şəxslər magistratura imtahanının birinci mərhələsini keçdikdən sonra müsahibəyə cəlb olunacaq, qabiliyyət imtahanı verəcəklər. Bu mərhələni uğurla keçənlər təhsilini “Jurnalistika” ixtisası üzrə magistr pilləsində davam etdirə biləcəklər. Biz ötən il bu təcrübəni bakalavr səviyyəsində təhsil almaq istəyənlərə də tətbiq etdik. “Jurnalistika” ixtisası üzrə bakalavr pilləsində Azərbaycandakı ali məktəblərə qəbul planı 200 nəfərə yaxın idi. Ancaq biz elə etdik ki, bu say kifayət qədər azaldı. Yalnız 50 nəfər “Jurnalistika” ixtisası üzrə bakalavr təhsili almaq şansı qazandı. Bizim bu cür təcrübəni tətbiq etməyimiz məqsədli idi. Belə ki, əvvəllər test yolu ilə imtahan verən abituriyentlər birinci mərhələdə yüksək bal toplayandan sonra ali təhsil almaq istədikləri ixtisasları öz ərizələrində göstərirdilər. Bu zaman onlar yuxarıdan aşağı olmaqla ən müxtəlif ixtisasları göstərirdilər. Misal üçün, ərizələrində “Beynəlxalq münasibətlər”, “Beynəlxalq hüquq”, “Hüquqşünaslıq”, “Jurnalistika”, “Filalogiya” və sair ixtisasları ardıcıllıqla yazırdılar. Nəticədə birinci ixtisasa balı çatmayanda ikinciyə və o birilərinə, eyni zamanda “Jurnalistika” ixtisasına da qəbul olurdular. Lakin həmin ixtisas üzrə ali təhsil alandan sonra böyük əksəriyyət bu sahədə çalışıb özlərini göstərmirdi. Bizim tətbiq etdiyimiz təcrübədə məqsəd bundan ibarətdir ki, jurnalistikaya, jurnalist peşəsinə maraq göstərən, az-çox yaradıcılıq qabiliyyətinə sahib olan şəxslər “Jurnalistika” ixtisasına qəbul olsunlar. Fikrimcə, biz bunun müsbət nəticəsini gələcək illərdə görəcəyik”.
Ə.Amaşov deyib ki, qəbul komissiyasında ictimai rəyə təsir gücünə malik müxtəlif qəzetlərin baş redaktorları, jurnalistika ixtisası üzrə ali məktəblərdə dərs deyən müəllimlər, tanınmış jurnalistlər olacaqlar. Onun sözlərinə görə, komissiya üzvləri “Jurnalistika” ixtisasını seçən şəxslərlə söhbət aparacaq, onların yazı qabiliyyətini yoxlayacaq, bu sahəyə marağını öyrənəcəklər.
Bakı Dövlət Universitetinin (BDU) “Jurnalistika” fakültəsinin dekanı, professor
Şamil Vəliyevsözügedən təcrübənin özünü doğrultduğunu söyləyib. Qeyd edib ki, “Jurnalistika” ixtisası üzrə həm bakalavr, həm də magistr təhsili almaq istəyənlərin qabiliyyət imtahanı verməsi, müsahibəyə cəlb edilməsi olduqca vacibdir: “Əvvəla ona görə ki, bu ixtisasa öz həyatını jurnalistikada görənlər, jurnalist olmaq istəyənlər maraq göstəsinrlər. Ötən il biz bunun şahidi olduq. Digər bir mühüm məqam isə budur ki, artıq “Jurnalistika” ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmək üçün digər ixtisaslar üzrə məzunlara məhdudiyyət yoxdur. Bununla da digər ixtisas və bilik sahələrindən olan, yaradıcılıq qabiliyyətinə sahib insanlar da “Jurnalistika”ya gələcək, magistr pilləsində bu ixtisas üzrə təhsillərini davam etdirəcəklər. Unutmaq olmaz ki, biz informasiyalı vətəndaş cəmiyyəti yaradırıq. Belə bir vəziyyətdə, digər peşə və ixtisas sahələrindən gələn məzunlar da öz sahə biliklərini “Jurnalistika” ixtisasında təhsillərini davam etdirə-etdirə kütləviləşdirəcəklər. Sahələrin biliklərinin kütləviləşməsi, sadə insanlara peşəkarlıqla çatdırılması informasiyalı, bilikli cəmiyyətin yaradılması istiqamətində çox uğurlu addımdır. Həmin kadrlar gələcəkdə bütün sahələrin elmi biliklərini kütləviləşdirə biləcəklər. Heç şübhəsiz ki, magistratura pilləsində təhsillərini davam etdirən tələbələrimiz bu istiqamətdə həm elmi-tədqiqat işi aparacaqlar, həm də jurnalistika ilə əyani məşğul olacaqlar”.
“525-ci qəzet”in baş redaktoru
Rəşad Məcidötən il də “Jurnalistika” ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirəcək bakalavrlardan qabiliyyət imtahanı götürüldüyünü vurğulayıb. Bildirib ki, ilk dəfə keçirilməsi ilə əlaqədar olduğuna görə, yüksək effekt müşahidə olunmayıb. Baş redaktorun sözlərinə görə, hətta bir çoxları bu müsahibədən, qabiliyyət imtahanından çəkinərək “Jurnalistika” ixtisasına sənəd verməyiblər. R.Məcid kriteriyaların olduqca yüksək olmasına da diqqət çəkib: “Biz peşəkar jurnalistlərdən gözlədiklərimizi “Jurnalistika” ixtisası üzrə magistr təhsili alacaq gənclərin nümayiş etdirəcəyinə ümid edirdik. Ona görə də əksər ali təhsil müəssisələrində qeyd edilən ixtisas üzrə magistr yerlərinin çoxu boş qaldı. Lakin bununla belə, yalnız magistratura səviyyəsində deyil, eyni zamanda bakalavr səviyyəsində “Jurnalistika”ya qəbul zamanı qabiliyyət imtahanının verilməsi vacibdir. Bu ənənə sovetlər birliyi dönəmində də olub. Ancaq sonradan aradan qaldırılıb. İndi hadisələrə yeni baxış diqtə edir ki, hamı jurnalist ola bilər. Ona görə də hər kəs özünü jurnalist sayır. Hər kəs jurnalist ola bildiyi zaman isə yaradıcılıq qabiliyyəti ikinci plana keçir. Mən də hesab edirəm ki, “Jurnalistika” ixtisasında bakalavr və magistr səviyyəsində təhsil almaq istəyənlərin yaradıcılıq qabiliyyətinin yoxlanması, onlarla müsahibələrin aparılması vacibdir. Yaradıcılıq potensialı, qabiliyyəti jurnalistikada ən vacib şərtlərdən biridir”.
Kaspi.az