Həmişəcavan Bəşir Səfəroğlu
Bakı, 11 mart,
AZƏRTACAzərbaycan milli kino və teatr səhnəsində təkrarolunmaz obrazlar yaratmış, görkəmli sənətkar, xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 90 il ötür.
AZƏRTAC
xəbər verir ki, martın 11-də Fəxri xiyabanda Bəşir Səfəroğlunun xatirəsi yad edilib.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli sənətkarın həyat və yaradıcılığına nəzər salıb. Bildirib ki, Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoymuş Bəşir Səfəroğlu qısa və mənalı ömrü müddətində yaddaqalan obrazlar yaradıb. İndinin özündə də elə bir Azərbaycan ailəsi tapılmaz ki, Bəşir Səfəroğlunun oynadığı filmləri, teatr tamaşalarını görəndə üzlərində sevinc, təbəssüm olmasın.
Ədalət Vəliyev diqqətə çatdırıb ki, bu il Bəşir Səfəroğlunun 90 illik yubileyi münasibətilə həm Azərbaycanda, həm də bir sıra xarici ölkələrdə çoxlu sayda tədbirlərin keçirilməsi planlaşdırılır.
Bu gün Azərbaycan teatrının inkişafı üçün dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən nazir müavini deyib: “Mən inanıram ki, bu gün Bəşir Səfəroğlunun ruhu şaddır. Ona görə ki, onun çalışdığı Azərbaycan Dövlət Musiqili Teatrı dünyanın ən yaxşı teatrları ilə müqayisə oluna biləcək səviyyədə təmir olunub. Artıq 142 yaşlı Azərbaycan teatrı özünün zəngin ənənələri ilə öz fəaliyyətinin davam etdirir”.
Vurğulanıb ki, Bəşir Səfəroğlu ocağının yadigarı olan Afaq Bəşirqızı 7 oğlun görə bilmədiyi işləri görüb. Onun Bəşir Səfəroğlu çırağını yandırması, onun sənət yolunu şərəflə davam etdirməsi və məzarı önündə belə mərasimi təşkil etməsi hər bir övlad üçün, hər bir sənətkar üçün örnəkdir.
Mərasimdə çıxış edən Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, əməkdar jurnalist Flora Xəlilzadə, xalq artisti Tariyel Qasımov, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov və başqaları Bəşir Səfəroğlu haqqında fikirlərini bölüşüblər. Onun xatirəsinin daim əvəzolunmaz bir sənətkar kimi Azərbaycan tamaşaçısının qəlbində yaşayacağını söyləyiblər.
Xalq artisti Afaq Bəşirqızı atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə dərin minnətdarlığını bildirib: “Bəşir Səfəroğlu tanrının ona verdiyi böyük istedadla, yaratdığı obrazları ilə daim yaşayacaq. O, 44 yaşında dünyadan getdi, amma indi onun 90 yaşını qeyd edirik. Bəşir Səfəroğlu mənim üçün həmişə gəncdir və bu həmişə belə olaraq qalacaq”.
Afaq Bəşirqızı vurğulayıb ki, bu il Bəşir Səfəroğlunun 90 illik yubileyi ilə əlaqədar “90 yaşında cavan” adlı silsilə tədbirlər keçiriləcək.
Sonda böyük aktyorun xatirəsi alqışlarla yad olunub.