Görkəmli nəzəriyyəçi alimin 80 illik yubileyi qeyd olunub
Bakı, 11 mart,
AZƏRTACAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim, tənqidçi, görkəmli nəzəriyyəçi Arif Hacıyevin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.
İnstitutdan
AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli görkəmli alimin həyat və yaradıcılığı barədə məruzə ilə çıxış edib.
Akademik İ.Həbibbəyli görkəmli alim A.Hacıyevin istər klassik Azərbaycan ədəbi irsinin və yeni dövr ölkə ədəbiyyatının, istərsə də rus və Avropa ədəbi-nəzəri fikrinin dərin bilicisi olduğunu qeyd edib. Alimin realist və romantik yaradıcılıq tipləri haqqında konseptual müddəalarının müasir ədəbiyyatşünaslıqda bir yenilik kimi qəbul edildiyi diqqətə çatdırılıb.
Akademik bildirib ki, bu gün Azərbaycan ədəbiyyatının mərhələlərinin yenidən dəqiqləşdirilməsinə böyük ehtiyac var. Lakin bu yeni yanaşmanı A.Hacıyevin irsinə müraciət etmədən həyata keçirmək qeyri-mümkündür. A.Hacıyevin çoxşaxəli elmi yaradıcılığından söz açan İ.Həbibbəyli görkəmli alimin klassik ədəbiyyat, ədəbi əlaqələr, ədəbi tənqid sahəsində bir çox fundamental əsərlərin müəllifi olduğunu qeyd edib. Bildirilib ki, A.Hacıyevin elmi yaradıcılığının əsas qayəsini ədəbiyyat nəzəriyyəsi təşkil edirdi.
Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək A.Hacıyevi gözəl pedaqoq kimi xatırladığını qeyd edib. Vurğulanıb ki, bir çox Azərbaycan gənclərinin elmə gəlməsində, alim kimi yetişməsində onun böyük zəhməti olub. Qeyd edilib ki, A.Hacıyevin elmi fəaliyyətə başladığı dövrdə rus dilində yazan alimlərə böyük ehtiyac var idi. O, ədəbiyyatşünaslıq elmimizdəki bu boşluğu layiqincə doldurub. A.Hacıyev keçmiş sovet məkanında kifayət qədər tanınan və elmi fikirləri çox ciddi qəbul olunan bir şəxsiyyət idi.
Tədbirdə filologiya üzrə elmlər doktorları Aida Feyzullayeva, Nailə Muradəliyeva, Sara Osmanlı, Rafiq Novruzov və başqaları məruzələrlə çıxış edərək A.Hacıyevin Azərbaycan ədəbiyyatşünaslığındakı əvəzolunmaz yeri, bir şəxsiyyət kimi özünəməxsus xüsusiyyətləri, vətənpərvər ziyalı obrazı haqqında geniş və əhatəli məlumat veriblər. Bildirilib ki, A.Hacıyevin elmi irsi bu gün də aktuallığını saxlamaqdadır. Onun elmi irsinin tədqiqi və öyrənilməsi ədəbiyyatşünaslıq elmimizin daim diqqət mərkəzində olmalıdır.
Sonda görkəmli nəzəriyyəçi A.Hacıyevin ailəsi adından həyat yoldaşı Rəfiqə xanım çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Tədbirdə görkəmli alimin həyat və yaradıcılığı barədə slayd nümayiş olunub, iştirakçılara onun kitabları hədiyyə edilib.