Sosial

Gəncədə xalq gəzintisi - FOTO

Metbuat.az

Gəncədə Cavad xan küçəsində başlayan və şəhərin baş meydanında bayram tonqalının çatılması ilə davam edən şənlikdə xarici ölkələrdən olan qonaqlar milli adət-ənənələrimiz ilə yaxından tanış olmaq imkanı əldə ediblər.



Kəpəz TV (Region TV) xəbər verir ki, bayram şənliyinin iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın memarı, ümummili liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər. Novruz atributları ilə bəzənən Gəncənin ən qədim küçəsində qonaqları Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, M.Ş.Vazehin və Gəncə xanı Cavad xanın obrazları qarşılayıb.

Şəhər Musiqi Kollecinin Qədim Musiqi Alətləri Ansamblının çıxışı Gəncənin tarixi köklərə sədaqətini bir daha nümayiş etdirib. Gəncə Dövlət Dram Teatrı artistlərinin ifasında su, od, yel və torpaq çərşənbələrinin inancları və xüsusiyyətləri yüksək peşəkarlıqla çatdırılıb.

Dekorativ xalq tətbiqi sənət nümunələri, xalçaçılıq, misgərlik, metal üzərində döymə və digər əl işləri xalqımızın zəngin mədəni irsini əks etdirib. Gəncə mətbəxi üçün xarakterik olan təamlar, qədim məişətimiz, mədəniyyətimiz və Novruza aid digər elementlər böyük maraqla qarşılanıb. Fidan körpələr, məktəblilər, el aşıqları öz təbriklərini çatdırıblar. Nağıl qəhrəmanları ilə maraqlı görüşlər, rəngarəng rəqslər, mahnılar bayram əhval-ruhiyyəsini daha da artırıb. Bayram şənliyinin iştirakçıları Gəncə rəssamlarının Novruza həsr etdikləri rəsm sərgisinə baxıblar. Dəvə karvanının və çaparların müşayiəti ilə şəhərin H.Əliyev meydanına gələn tədbir iştirakçıları Novruzun bütün atributlarını özündə əsk etdirən meydanda bayram tonqalı alovlandırılıb.

Tədbirdə Novruz bayramının Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə YUNESCO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edildiyi və bir çox dünya ölkələrində bayram edildiyi vurğulanıb. Səmaya sülh rəmzi olan göyərçinlər buraxıldıqdan sonra bayram şənlikləri şəhərin baş meydanında möhtəşəm konsert proqramı ilə davam edib. Gəncədə keçirilən Novruz şənliklərində Milli Məclisin üzvləri, Almaniya, Rumıniya, Türkiyə, Fransa, Ukrayna, Gürcüstan və digər xarici ölkələrdən gələn qonaqlar da iştirak ediblər.

Milli.Az