Gənc Tamaşaçılar Teatrında “Dəcəl keçi” göstəriləcək
Bakı, 4 mart,
AZƏRTACMartın 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Dəcəl keçi” tamaşasının premyerası olacaq.
Teatrın mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, Azərbaycan xalq nağılları əsasında gənc yazıçı və dramaturq Pərvinin səhnələşdirdiyi yeni tamaşanın bədii rəhbəri teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.
Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir.
Yeni səhnə əsərində rolları teatrın aktyorları Aydın Dəmirov, Səbinə Məmmədova, Yusif Dadaşov, Ədalət Əbdülsəməd, Eyvaz İbrahimov, İlqarə Tosova, Hüsniyyə Əhmədova, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Anar Seyfullayev və Bəhram Həsənov ifa edəcəklər.