Sosial

Fransa da xəstələri öldürməyə icazə verdi

Metbuat.az

Fransada müalicəsi olmayan xəstəliklərdən əziyyət çəkən və güclü ağrıları olan pasiyentlərin bundan sonra inyeksiya yolu ilə öldürülməsinə icazə veriləcək.



ANS PRESS-in məlumatına görə, bədənə yeridilən dərmanla xəstə koma vəziyyətinə düşəcək, daha sonra təbii ölüm baş verəcək. “Dərin yuxu”- adlandırılan bu qalmaqallı prosedurun leqallaşdırılması ilə bağlı qanun layihəsi Fransa parlamentində qəbul olunub. Sənəd Fransa cəmiyyətində və parlamentində birmənalı qarşılanmayıb. Onun əleyhdarları evtanaziyanın özünəməxsus forması olan bu tibb prosedurun insan qətlindən heç nəylə fərqlənmədiyini iddia edir. Səsvermə zamanı bu fikirdə olanlar həmin sənədin vərəqlərini kənara atıb. Habelə qanun layihəsinin təşəbbüskarları hesab edir ki, bu insanların ağrısız-əzabsız dünyadan köçməsinə vəsilə olacaq. “Dərin yuxu” qanunu yalnız könüllü razılıq əsasında həyata keçiriləcək və yalnız xəstəliyin ən ağır və son mərhələsində olan pasiyentlərə şamil olunacaq.



Bu arada elmi araşdırmalar Fransanın qonşusu olan Belçikada son 6 il ərzində evtanaziya yolu ilə ölümlərin az qala 3 dəfə artdığını ortaya çıxarıb. Bu həmin illər ərzində dünyasını dəyişən belçikalıların 4.6 faizinə bərabərdir. Qent və Brüssel Universitetlərinin gəldiyi nəticəyə görə, evtanaziya - yənin xəstənin razılığı əsasında niyyətli şəkildə öldürülməsi aktı kəskin şəkildə artıb. Evtanaziya üçün müraciət edənlərin böyük əksəriyyəti ali təhsillidir və 65-79 yaşları arasındadır. Xərçəngli xəstələr könüllü ölümə razı olan ən böyük qrupu təşkil edir.

Mənbə
ANS PRESS