Mədəniyyət

Festivallar teatr ənənələrinin inkişafına xidmət edir

Metbuat.az
İntiqam Soltan: “Bir çox teatr nümayəndələri belə, o səhnə haqqında məlumatsızdır”

Milli Teatr Günü münasibətilə Bakı Uşaq Teatrının (BUT) təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə “Bir teatr, bir festival” layihəsi çərçivəsində “Bizim Teatr Festivalı - 2” keçiriləcək. Festivalın 11-14 mart tarixlərində Teatr Xadimlər İttifaqının (Aktyorlar evi) səhnəsində keçirilməsi gözlənilir.



Hər il teatrdaxili festival keçirən Bakı Uşaq Teatrının özünün hazırladığı tamaşaları nümayiş etdirməyə məkanı olmasa da, bu kimi festivallar keçirməkdən geri qalmadığının dəfələrlə şahidi olmuşuq. Daha çox vətəndən kənarda festivallarda iştirak edən BUT öz yaradıcı heyəti arasında festival keçirməyi də unutmur.



Milli Teatr Günü münasibətilə keçirilən festivalın və Bakı Uşaq Teatrının rəhbəri rejissor, aktyor

İntiqam Soltan

festival öncəsi “

Kaspi

”-yə danışdı. O, bizimlə söhbətində 4 gün müddətində biri-birindən maraqlı tamaşaların və müzakirələrin aparılacağını bildirdi.



- İntiqam müəllim, necə bir festival keçirməyi nəzərdə tutmusunuz? Bu festivalın digər festivallardan nə kimi fərqi olacaq?

- Prezidentimizin 26 yanvarda imzaladığı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” ilə bağlı verilən sərəncam festivalımızın keçirilməsində müəyyən qədər rol oynadı. Hətta mən deyərdim ki, festivalı o sərəncama söykənərək keçiririk. O ki qaldı festivalı necə keçirəcəyimizə, teatr ictimaiyyətini ətrafında birləşdirə bilən bir festival olmasını istəyirdik. Qeyd edim ki, “Bir teatr, bir festival” layihəsi çərçivəsində bizim teatr dörd tamaşa ilə çıxış edəcək. Hazırladığımız tamaşalar Teatr Xadimləri İttifaqının kiçik zalı – Mustafa Mərdanov səhnəsində nümayiş olunacaq. Festivalı həmin zalda keçirməyimizin də məqsədi var. Çalışırıq ki, TXİ-dakı o kiçik səhnəni işlək vəziyyətinə gətirək. Həmin zal Aktyorlar evinin üçüncü mərtəbəsində yerləşir. Aktyorlar evinə daxil olduqda, birinci mərtəbədən üçüncü mərtəbəyə qədər Bakı Uşaq Teatrının aktyorlarının şəkilləri ilə bəzədiləcək. Orada Uşaq Teatrının aldığı mükafatlar, afişaları yer alacaq. Sirr deyil ki, bir çox teatr nümayəndələri belə, o səhnə haqqında məlumatsızdır. TXİ-nin bütün rejissorlara, aktyorlara, teatrlara qapısı hər zaman açıq olub. Bu addımı təqdirəlayiq hesab edirəm. Bu bir növ həmin məkanda müxtəlif teatrların birləşib iş görməyinə böyük stimul yaradır.



Festivala gəlincə isə, orada nümayiş olunan tamaşalar bir hissəli, yığcam, gənclər üçün nəzərdə tutulub. Hesab edirəm ki, 6-dan sonra nümayiş olunacaq tamaşalar azyaşlı uşaqlar üçün uyğun gəlmir. İstədik ki, bu festival yalnız bir tamaşadan ibarət olmasın. Festivalda nümayiş olunan tamaşalarda iki və ya üç nəfər iştirak edəcək. Tamaşaçıları teatr səhnəsində olduğu kimi yerləşdirməyəcəyik. Onların qarşısında kiçik, dekorativ masalar və yüngülvarı çay dəsgahı nəzərdə tutmuşuq. Bir nömrə teatr aktyorlarının digər bacarıqlarından ibarət olacaq. Martın 11-də - yəni festivalın açılışı günü teatrının aktyoru Ruslan Adgözəlovun ifasında muğam səslənəcək. Daha sonra mənim çıxışım nəzərdə tutulub. Hər gün müxtəlif mövzular qoyulacaq ki, həmin mövzular çərçivəsində 10-15 dəqiqə çıxışlar olacaq. Mənim çıxışım isə “Çağdaş Azərbaycan teatrında uşaq teatrının yeri” barədə olacaq. Həmin çıxışı slaydla müşayiət edəcəyik. Beş dəqiqəlik hazırlanmış slaydda Uşaq Teatrının indiyə qədərki fəaliyyəti qısa şəkildə nümayiş olacaq. Sonra insan alveri ilə bağlı sonuncu tamaşamızın anonsu yer alacaq.



İlk tamaşa Elçin Hüseynbəylinin “Oyun” əsəri əsasında Rəşad Nurinin hazırladığı və baş rolları Niyaz Qasımov, Könül Şahbazovanın oynadığı tamaşa olacaq. İkinci gün Tuncer Cücenoğlunun “Bir yoxsul olsaydım” tamaşasını nümayiş etdirəcəyik. Bu, sevilən aktrisamız, rejissorumuz İlhamə Əhmədovanın quruluşunda Kəmalə Mustafayeva ilə Şahin Kazımovun oynayacağı tamaşa olacaq. Həmin günün çıxışçısı respublikanın tanınmış aktyoru Hacı İsmayılov olacaq. Martın 13-də Əli Əmirlinin çıxışı gözlənilir. 12 martda teatrın istedadlı ifaçısı Vüsalə Bəşirovanın ifasında xalq mahnısı dinləyəcəyik. Üçüncü gün Cəfər Cabbarlının “Əhməd və Qumru” hekayəsi əsasında Arzu Soltanın ssenariləşdirdiyi, mənim quruluşumda "Qucaqla məni" tamaşası göstəriləcək. 14 martda himnə və bayrağa həsr olunmuş, Ayşad Məmmədovla mənim quruluşumda hazırlanmış, Niyaz Qasımov, Cavanşir Məhərrəmov və Rauf Hüseynlinin ifasında sözsüz “Vətən” tamaşası nümayiş olunacaq və bununla da festivalı yekunlaşdıracağıq. Həmin günün çıxışçısı isə Teatr Xadimləri İttifaqının rəhbəri, xalq artisti Azərpaşa Nemətov olacaq.



- Festivalı keçirməkdə məqsədiniz nədən ibarətdir?

- Repertuarımızda elə tamaşalarımız var ki, onlar gəlir gətirmək üçün deyil, sadəcə, aktyorların özlərini göstərməsi, bacarıqlarını ortaya qoyması üçün hazırlanıb. Bizim teatr şəhərdən çox uzaq olduğu üçün bu tip festivalları keçirməyi düşünmürdük. Tamaşa oynamaq üçün bizim hazırda çalışdığımız teatrda vəziyyət sıfıra bərabərdir. Ümumiyyətlə festival keçirmək teatr ənənələrinin inkişafına xidmət etmək deməkdir. Təəssüf ki, bu gün Azərbaycanda festivalların sayı həddən artıq azdır. Sanki biz festival keçirməkdən qorxuruq. Ancaq festival inkişaf deməkdir. Bu, teatrın inkişafıdır. Tamaşaçıların teatra axını teatrla əlaqələrin gücləndirilməsi deməkdir.



- Bundan öncəki illərdə beynəlxalq festivallar keçirirdiniz. Bəs indi sizə mane olan nə oldu?

- Bəli, biz bu il beynəlxalq festival keçirmədik. Çünki maliyyə cəhətdən çox çətindir. Əslində, biz ondan da qorxmuruq. Amma bu gün reallıq belədir ki, teatrın gəliri demək olar ki, sıfır həddə düşüb. Gürcüstandan, Türkiyədən qonaqlarımız gələ bilərdi. Əgər onlar gəlsəydilər belə, qonaq qismində iştirak edəcəkdilər. Ancaq mən fikrimi dəyişdim.



- Teatrın uzun müddətdir ki, yaralı yeri olan bina məsələsi hələ də gündəmdədir. Bu sahədə hansı yeniliklər var? Bu problemin həlli üçün çalışırsınızmı?

- Məsələ ondadır ki, biz Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəndə, deyirlər ki, siz Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan teatrsınız. Bu mövzu ilə bağlı onlara müraciət etməlisiniz. Ancaq icra hakimiyyətinə müraciət etdikdə isə deyirlər ki, siz teatrsınız, bu mövzu ilə bağlı nazirliyə müraciət edin. Hər halda, gənclərin inkişaf strategiyası ilə bağlı bir sərəncam, fərman varsa, hərə öz işini görəcəksə, Uşaq Teatrında yaradıcılıqla məşğul olan gənclər də nə vaxtsa normal iş yeri ilə təmin oluna biləcəklər. Mən buna ümid edirəm, ümidimi üzmürəm.



Milli.Az